Arbitraj qaydaları
Bakı Arbitraj Mərkəzinin arbitraj qaydaları ilə tanış olmaq arbitraj prosesinin axıcı olması üçün çox vacibdir.
I BÖLMƏ: GİRİŞ QAYDALARI
Maddə 1: Bakı Arbitraj Mərkəzi
1.1. Bakı Arbitraj Mərkəzi (“Mərkəz”) institusional arbitraj xidmətlərinin göstərilməsi məqsədilə təsis edilmiş müstəqil və daimi arbitraj təşkilatıdır.
1.2. Aşağıdakı orqanlar Bakı Arbitraj Mərkəzinin adından fəaliyyət göstərir:
(a) Şuranın Prezidentinin rəhbərlik etdiyi Direktorlar Şurası;
(b) Arbitraj Komissiyası və Baş Katibin rəhbərlik etdiyi Arbitraj Komissiyasının Katibliyi.
1.3. Bakı Arbitraj Mərkəzi mübahisələri birbaşa özü həll etmir; Mərkəz mübahisələrin həlli prosesinin inzibatçılığını həyata keçirir. Mübahisələrin həlli funksiyaları Arbitraj məhkəmələri tərəfindən həyata keçirilir.
1.4. Arbitraj Komissiyası Mərkəzin müstəqil orqanıdır. O, bu Qaydalara uyğun olaraq Arbitraj məhkəmələri tərəfindən mübahisələrin həlli prosesinin inzibatçılığını həyata keçirir.
1.5. Arbitraj Komissiyasına öz işində Baş Katibin (“Baş Katib”) rəhbərliyi altında fəaliyyət göstərən Arbitraj Komissiyasının Katibliyi (“Katiblik”) köməklik göstərir.
1.6. Arbitraj Komissiyasının, Katibliyin və Mərkəzin Direktorlar Şurasının strukturu və funksiyaları I Əlavədə müəyyən edilmişdir.
Maddə 2: Tətbiq dairəsi
2.1. Tərəflər mübahisələrinin həllini Bakı Arbitraj Mərkəzinin Qaydalarına uyğun olaraq Bakı Arbitraj Mərkəzinə yönəltmək barədə razılığa gəldikdə, tərəflər arbitraj icraatının bu Qaydalara uyğun olaraq aparılması və inzibatçılığın Bakı Arbitraj Mərkəzi tərəfindən həyata keçirilməsi ilə razılaşmış hesab edilirlər.
2.2. Bu Qaydalar müqavilə, beynəlxalq müqavilə və ya digər hüquqi sənəd əsasında başlanılmış daxili və beynəlxalq arbitraj icraatlarına tətbiq edilir.
2.3. Bu Qaydaların hər hansı müddəasının arbitraj icraatına tətbiq edilən hüququn imperativ normasına zidd olduğu hallar istisna olmaqla, arbitraj icraatı bu Qaydalarla tənzimlənir. Belə ziddiyyət yarandıqda, həmin imperativ norma üstünlük təşkil edir.
2.4. Bu Qaydalar onlara əlavə edilmiş və Qaydaların ayrılmaz hissəsini təşkil edən Əlavələri ehtiva edir.
Maddə 3: Anlayışlar
3.1. Bu Qaydaların digər hissələrində müəyyən edilmiş terminlərlə yanaşı, bu Qaydalarda aşağıdakı anlayışlar tətbiq edilir:
3.1.1. Arbitraj sazişi: Tərəflərin aralarında yaranan və ya yarana biləcək bütün, yaxud bəzi mübahisələri arbitraja vermək barədə razılaşmasıdır. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər.
3.1.2. Arbitraj məhkəməsi: Arbitraj icraatında təyin edilmiş təkbaşına arbitr və ya bir neçə arbitrdən ibarət kollegiyadır.
3.1.3. Qərar: Aralıq, prosessual, barışıq sazişi əsasında qəbul edilmiş, hissəvi, yekun və ya əlavə qərarı, habelə təcili arbitrin qərarını ehtiva edir.
3.1.4. İddiaçı: Bu Qaydalara əsasən arbitraja müraciət edən tərəf və ya tərəflərdir.
3.1.5. Cavabdeh: Bu Qaydalara əsasən İddiaçının arbitraj qaydasında tələb irəli sürdüyü tərəfdir.
3.1.6. Qaydalar: Bakı Arbitraj Mərkəzinin Arbitraj Qaydalarıdır (Birinci nəşr, 18 oktyabr 2025-ci il).
3.1.7. Rüsumlar cədvəli: Arbitraj icraatının başlandığı tarixdə qüvvədə olan Bakı Arbitraj Mərkəzinin Rüsumlar cədvəlidir.
Maddə 4: Bildirişlər
4.1. Yazılı bildirişlər – o cümlədən bildirişlər, xəbərdarlıqlar, yazılı təqdimatlar və materiallar – qəbz müqabilində çatdırılma, sifarişli poçt, kuryer, elektron poçt vasitəsilə, yaxud onların göndərilməsini qeydə alan və ya qeydə almağa imkan verən hər hansı digər vasitələrlə ötürülə bilər.
4.2. Bildirişlərin göndərilməsi üçün seçilmiş vasitədən asılı olmayaraq, Tərəflər bütün sənədləri Mərkəzə elektron formada – elektron poçt vasitəsilə və ya Mərkəzin onlayn arbitraj platforması üzərindən təqdim etməlidir.
4.3. Tərəflər və ya onların nümayəndələri tərəfindən arbitraj məqsədləri üçün ünvan müəyyən edildiyi halda, həmin ünvana çatdırılan hər hansı bildiriş alınmış hesab edilir.
4.4. Belə ünvanın müəyyən edilməməsi və ya səlahiyyətin verilməməsi halında, bildiriş aşağıdakı hallarda alınmış hesab edilir:
(a) Ünvan sahibinə şəxsən və ya onun səlahiyyətli nümayəndəsinə çatdırıldıqda;
(b) Ünvan sahibinin kommersiya fəaliyyətini həyata keçirdiyi yerə, daimi yaşayış yerinə və ya poçt ünvanına çatdırıldıqda.
4.5. Ağlabatan səylərin göstərilməsinə baxmayaraq, (a) və ya (b) bəndlərinə uyğun olaraq çatdırılmanı həyata keçirmək mümkün olmadıqda, bildiriş 4.1-ci maddədə nəzərdə tutulan əlaqə vasitələrindən hər hansı biri ilə ünvan sahibinin məlum olan sonuncu kommersiya fəaliyyətini həyata keçirdiyi yerə, daimi yaşayış yerinə və ya poçt ünvanına göndərildikdə alınmış hesab edilir.
4.6. Bildiriş tərəf və ya onun nümayəndəsi tərəfindən alındığı, yaxud 4.1-ci maddəyə uyğun olaraq göndərildiyi təqdirdə alınmalı olduğu gündə çatdırılmış hesab edilir.
Maddə 5: Müddətlərin hesablanması
5.1. Bu Qaydalara əsasən hər hansı müddətin hesablanması məqsədilə, müddət axımı bildirişin alındığı gündən sonrakı gün başlayır. Arbitraj məhkəməsi tərəfindən müəyyən edilən və ya tərəflərin razılaşdığı digər hallar istisna olmaqla, bu Qaydalara əsasən hər hansı müddət Bakı vaxtına əsasən hesablanır.
5.2. Əgər müddətin son günü sənədin alındığı yerdə rəsmi bayram gününə və ya qeyri-iş gününə təsadüf edərsə, həmin müddət ondan sonrakı ilk iş gününə qədər uzadılır. Müddət ərzindəki rəsmi bayram günləri və ya qeyri-iş günləri müddətin hesablanmasına daxil edilir.
II BÖLMƏ: ARBİTRAJ İCRAATININ BAŞLANMASI
Maddə 6: Arbitraj bildirişi
6.1. İddiaçı Arbitraj bildirişini Katibliyə və Cavabdehə göndərməlidir.
6.2. Arbitraj bildirişinin Katiblik tərəfindən alındığı tarix arbitraj icraatının başlanma tarixi hesab edilir. Katiblik arbitraj icraatının başlanması barədə tərəflərə məlumat verir.
6.3. Arbitraj bildirişinə aşağıdakılar daxil edilməlidir:
(a) Mübahisənin Arbitraj məhkəməsinə verilməsi tələbi;
(b) Arbitraj tərəflərinin və əgər varsa, onların nümayəndələrinin tam adı, ünvanı və digər əlaqə vasitələri;
(c) İstinad edilən Arbitraj sazişinin surəti və ya təsviri;
(d) Haqqında mübahisənin yarandığı müqavilə və ya digər hüquqi sənədin surəti, yaxud təsviri, belə müqavilə və ya digər hüquqi sənəd olmadıqda isə müvafiq hüquq münasibətlərinin qısa təsviri;
(e) İddia tələblərinin irəli sürülməsinə səbəb olan mübahisənin mahiyyətinin və halların təsviri, tələb olunan hüquqi müdafiə tədbirinin təsviri, məbləği müəyyən edilmiş hər hansı tələbin ilkin qiymətləndirilməsi və mümkün olduğu halda, digər hər hansı tələblərin pul ifadəsində dəyərinin təxmini qiymətləndirilməsi;
(f) Tətbiq edilən hüquq normaları, arbitrajın yeri, arbitraj icraatının aparıldığı dil, arbitrlərin sayı və Arbitraj məhkəməsinin təşkil edilməsi qaydası barədə hər hansı mülahizələr;
(g) hər hansı üçüncü tərəf tərəfindən maliyyələşdirmə sazişi barədə məlumatın açıqlanması, o cümlədən üçüncü tərəf maliyyələşdiricisinin tam adı və əlaqə vasitələri;
(h) Arbitraj bildirişinin təqdim edildiyi tarixdə qüvvədə olan Rüsumlar cədvəlinə uyğun olaraq ərizənin təqdim edilməsi üçün rüsumun ödənilməsinin təsdiqi;
(i) Bildirişin Cavabdehə çatdırılma tarixi və üsulu; və
(j) İddiaçı bildirişin qəbz müqabilində çatdırılma, sifarişli poçt və ya kuryer vasitəsilə göndərilməsini tələb etdikdə, hər bir digər tərəf, hər bir arbitr və Katiblik üçün kifayət sayda surətlər.
6.4. Arbitraj bildirişinə 14-cü maddəyə uyğun olaraq iddia ərizəsi daxil edilə bilər.
6.5. İddiaçı tərəfindən ərizənin təqdim edilməsi üçün rüsum ödənilmədikdə və ya Arbitraj bildirişi 6.3-cü maddənin tələblərinə uyğun gəlmədikdə, Katiblik İddiaçıya rüsumu ödəməsi və ya çatışmazlığı aradan qaldırması üçün vaxt təyin edə bilər. İddiaçı təyin edilmiş vaxt ərzində bunu etmədikdə, İddiaçının eyni tələbləri daha sonra başqa Arbitraj bildirişində irəli sürmək hüququna xələl gətirmədən arbitraj icraatına xitam verilir.
6.6. Arbitraj bildirişi tələblərə uyğun olduqda, Katiblik ərizənin təqdim edilməsi üçün rüsum ödənildikdən sonra Arbitraj bildirişinin surətini və ona əlavə edilmiş sənədləri bildirişə cavabını təqdim etməsi üçün Cavabdehə göndərir.
Maddə 7: Arbitraj bildirişinə cavab və qarşılıqlı iddialar
7.1. Cavabdeh Arbitraj bildirişini Katiblikdən aldığı tarixdən etibarən 30 (otuz) gün ərzində İddiaçıya və Katibliyə Arbitraj bildirişinə cavabını göndərməlidir. Katiblik Cavabdehin əsaslandırılmış vəsatəti əsasında cavabın təqdim edilməsi müddətini uzada bilər.
7.2. Cavaba aşağıdakı məlumatlar daxil edilməlidir:
(a) Cavabdehin və onun nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədlər və əlaqə vasitələri;
(b) Cavabın İddiaçıya çatdırılma tarixi və üsulu;
(c) İddia tələblərinin irəli sürülməsinə səbəb olan mübahisənin mahiyyəti və halları barədə Cavabdehin rəyi;
(d) Cavabdehin tələb olunan hüquqi müdafiə tədbirinə cavabı;
(e) Arbitraj məhkəməsinin səlahiyyətinə dair hər hansı etiraz;
(f) Tətbiq edilən hüquq normaları, arbitrajın yeri, arbitraj icraatının aparıldığı dil, arbitrlərin sayı və Arbitraj məhkəməsinin təşkil edilməsi qaydası barədə hər hansı mülahizələr; və
(g) Hər hansı üçüncü tərəf tərəfindən maliyyələşdirmə sazişi barədə məlumatın açıqlanması, o cümlədən üçüncü tərəf maliyyələşdiricisinin tam adı və əlaqə vasitələri.
7.3. Cavabın qəbz müqabilində çatdırılma və ya kuryer vasitəsilə göndərilməsi tələb olunduqda, Cavabdeh kifayət sayda surətlər təqdim etməlidir.
7.4. Katiblik cavabı və ona əlavə edilmiş sənədləri aldıqdan sonra onları bütün digər tərəflərə göndərir.
7.5. Cavabdehin Arbitraj bildirişinə cavabı göndərməməsi, yaxud natamam və ya gecikmiş cavab göndərməsi Arbitraj məhkəməsinin təşkil edilməsinə mane olmur və Arbitraj məhkəməsi bu məsələlərin həlli ilə bağlı yekun qərar qəbul edir.
7.6. Cavabdeh cavabla birlikdə hər hansı qarşılıqlı iddia da təqdim edə bilər. Bu halda Cavabdeh aşağıdakıları da təqdim etməlidir:
(a) Qarşılıqlı iddianın irəli sürülməsinə səbəb olan mübahisənin mahiyyəti və halları, habelə qarşılıqlı iddianın əsaslandığı faktlar barədə hər hansı mülahizələr;
(b) Tələb olunan hüquqi müdafiə tədbiri və məbləği müəyyən edilmiş hər hansı iddia tələblərinin ilkin qiymətləndirilməsi və mümkün olduğu halda, digər hər hansı tələblərin pul ifadəsində dəyərinin təxmini qiymətləndirilməsi;
(c) İstinad edilən Arbitraj sazişinin (sazişlərinin) və hər hansı digər müvafiq müqavilənin və ya digər hüquqi sənədin surəti, yaxud təsviri.
7.7. İddiaçı Cavabdehin qarşılıqlı iddialarını Katiblikdən aldığı tarixdən etibarən 30 (otuz) gün ərzində Cavabdehə və Katibliyə qarşılıqlı iddialara dair cavabını göndərməlidir. Katiblik İddiaçının vəsatəti əsasında bu müddəti uzada bilər.
Maddə 8: Nümayəndəlik və hüquqi yardım
8.1. Hər bir tərəf seçdiyi şəxslər vasitəsilə təmsil oluna və ya həmin şəxslərin köməyindən istifadə edə bilər. Həmin şəxslərin adları və ünvanları bütün tərəflərə və Arbitraj məhkəməsinə göndərilməlidir. Hər hansı bir şəxs tərəfin nümayəndəsi qismində çıxış etdikdə, Arbitraj məhkəməsi öz təşəbbüsü ilə və ya hər hansı tərəfin vəsatəti əsasında istənilən vaxt nümayəndəyə verilmiş səlahiyyəti təsdiq edən sənədin Arbitraj məhkəməsi tərəfindən müəyyən edilən formada təqdim olunmasını tələb edə bilər.
8.2. Arbitraj məhkəməsi təşkil olunanadək tərəfin öz nümayəndələrində etdiyi hər hansı dəyişiklik barədə Katibliyə və digər tərəflərə məlumat verilməlidir.
8.3. Arbitraj Məhkəməsi təşkil olunduqdan sonra tərəfin təmsilçiliyində edilən hər hansı dəyişiklik barədə Arbitraj məhkəməsinə dərhal məlumat verilməlidir. Arbitraj məhkəməsi tərəflərə yazılı şəkildə rəy bildirmək imkanı verdikdən sonra, tərəfin təmsilçiliyindəki dəyişiklikdən irəli gələn arbitr maraqlarının toqquşmasının qarşısını almaq üçün zəruri olan hər hansı tədbiri görə bilər.
III BÖLMƏ: ARBİTRAJ MƏHKƏMƏSİ
Maddə 9: Arbitrlərin sayı
9.1. Tərəflər arbitrlərin sayı barədə əvvəlcədən razılığa gəlmədikdə və Cavabdeh Arbitraj bildirişini aldıqdan sonra 30 (otuz) gün ərzində tərəflər işə təkbaşına arbitrin baxması barədə razılaşmadıqda, üç arbitr təyin edilir.
9.2. İş üzrə icraat sürətləndirilmiş icraat qaydasında aparıldıqda, IV Əlavənin müddəaları tətbiq edilir.
Maddə 10: Təkbaşına arbitrin təyin edilməsi
10.1. Tərəflər təkbaşına arbitrin təyin edilməsi barədə razılığa gəldikdə və bütün digər tərəflər təkbaşına arbitrin təyin edilməsinə dair təklifi aldıqdan sonra 30 (otuz) gün ərzində tərəflər bu barədə razılığa gələ bilmədikdə, təkbaşına arbitr tərəfin tələbi əsasında Arbitraj Komissiyası tərəfindən təyin edilir.
10.2. Arbitraj Komissiyası təkbaşına arbitri mümkün olan ən qısa müddət ərzində təyin etməlidir. Təyinat zamanı Arbitraj Komissiyası tərəflərin siyahı prosedurundan istifadə edilməməsi barədə razılaşdığı hallar istisna olmaqla, aşağıdakı siyahı prosedurundan istifadə edir:
(a) Arbitraj Komissiyası tərəflərin hər birinə ən azı üç adın daxil olduğu eyni siyahını göndərir;
(b) Həmin siyahını aldıqdan sonra 15 (on beş) gün ərzində hər bir tərəf etiraz etdiyi adı və ya adları sildikdən və siyahıda qalan adları öz üstünlük verdiyi ardıcıllıqla nömrələdikdən sonra siyahını Arbitraj Komissiyasına qaytara bilər;
(c) Yuxarıda göstərilən müddət bitdikdən sonra Arbitraj Komissiyası təkbaşına arbitri ona qaytarılmış siyahılarda təsdiq edilmiş adlar arasından və tərəflərin qeyd etdiyi üstünlük ardıcıllığına uyğun olaraq təyin edir;
(d) Hər hansı səbəbdən təyinatı bu prosedur üzrə həyata keçirmək mümkün olmadıqda, Arbitraj Komissiyası təkbaşına arbitri öz mülahizəsinə əsasən təyin edə bilər.
Maddə 11: Üç arbitrin təyin edilməsi
11.1. Üç arbitr təyin edilməli olduqda, hər bir tərəf bir arbitr təyin edir. Bu qaydada təyin edilmiş iki arbitr Arbitraj məhkəməsinin sədrlik edən arbitri qismində fəaliyyət göstərəcək üçüncü arbitri seçir.
11.2. Bir tərəfin arbitr təyin etməsi barədə bildirişinin alınmasından sonra 30 (otuz) gün ərzində digər tərəf təyin etdiyi arbitr barədə birinci tərəfə məlumat vermədikdə, birinci tərəf ikinci arbitrin təyin edilməsini Arbitraj Komissiyasından xahiş edə bilər.
11.3. İkinci arbitrin təyin edilməsindən sonra 30 (otuz) gün ərzində iki arbitr sədrlik edən arbitr barədə razılığa gələ bilmədikdə, sədrlik edən arbitr Arbitraj Komissiyası tərəfindən 10-cu maddəyə əsasən təkbaşına arbitrin təyin edilməsi qaydasına uyğun olaraq təyin edilir.
Maddə 12: Çoxtərəfli arbitrajda üç arbitrin təyin edilməsi
12.1. İddiaçı və ya Cavabdeh qismində çoxsaylı tərəflər iştirak etdikdə, çoxsaylı tərəflər (İddiaçılar qrupu və ya Cavabdehlər qrupu) birgə olaraq bir arbitri arbitraj icraatının başlandığı tarixdən etibarən 28 (iyirmi səkkiz) gün ərzində, yaxud tərəflərin razılaşdırdığı və ya Arbitraj Komissiyasının təyin etdiyi digər müddət ərzində təyin etməlidirlər. Sədrlik edən arbitr bu Qaydaların 11-ci maddəsinə uyğun olaraq təyin edilir.
12.2. Arbitraj məhkəməsinin bu Qaydalara əsasən təşkil edilməsi mümkün olmadıqda, Arbitraj Komissiyası istənilən tərəfin vəsatəti ilə 11.2 və 11.3-cü maddələrdə nəzərdə tutulmuş prosedura riayət etməklə Arbitraj məhkəməsini təşkil edir.
Maddə 13: Müxtəliflik
13.1. Tərəflərə və onların təyin etdiyi arbitrlərə Qaydalara uyğun olaraq arbitrləri müəyyən edərkən müxtəliflik amillərini nəzərə almaları tövsiyə olunur.
13.2. Arbitraj Komissiyasına da bu Qaydalara əsasən arbitrləri təyin etmək səlahiyyətini həyata keçirərkən eyni amilləri nəzərə alması tövsiyə olunur.
Maddə 14: Arbitraj məhkəməsi tərkibinin təsdiqlənməsi
14.1. Həm tərəflər, həm də arbitrlər tərəfindən edilən bütün arbitr seçimləri Bakı Arbitraj Mərkəzi tərəfindən təsdiqlənməlidir; təyinat yalnız bu təsdiqdən sonra qüvvəyə minir.
IV BÖLMƏ: ARBİTRLƏRƏ ETİRAZ, ONLARIN KƏNARLAŞDIRILMASI VƏ ƏVƏZ EDİLMƏSİ
Maddə 15: Arbitrlər tərəfindən məlumatların açıqlanması
15.1. Şəxsə onun arbitr qismində mümkün təyinatı ilə əlaqədar müraciət edildikdə, o, qərəzsizliyinə və ya müstəqilliyinə dair əsaslı şübhələr doğura biləcək hər hansı halları açıqlamalıdır. Arbitr təyin edildiyi andan etibarən və arbitraj icraatı boyu, tərəflər və digər arbitrlər tərəfindən bu halların artıq bilindiyi hallar istisna olmaqla, hər hansı belə hal barədə tərəflərə və digər arbitrlərə dərhal məlumat verməlidir.
Maddə 16: Arbitrlərə etiraz
16.1. Hər hansı arbitrə aşağıdakı hallarda etiraz edilə bilər:
(a) Arbitrin qərəzsizliyinə və ya müstəqilliyinə dair əsaslı şübhələr doğuran hallar mövcud olduqda;
(b) Arbitr tərəflərin razılaşdırdığı ixtisasa malik olmadıqda; və ya
(c) Arbitr hüquqi və ya faktiki cəhətdən öz funksiyalarını yerinə yetirmək qabiliyyətini itirdikdə, yaxud digər səbəblərə görə əsassız gecikməyə yol vermədən fəaliyyət göstərə bilmədikdə.
16.2. Tərəf öz təyin etdiyi arbitrə yalnız təyinatdan sonra ona məlum olmuş səbəblərə görə etiraz edə bilər.
Maddə 17: Etiraz haqqında bildiriş
17.1. Arbitrə etiraz etmək niyyətində olan tərəf, etiraz edilən arbitrin təyinatı barədə məlumat aldığı tarixdən və ya 16-cı maddədə qeyd olunan halların həmin tərəfə məlum olduğu tarixdən etibarən 15 (on beş) gün ərzində etiraz haqqında bildirişini Baş Katibliyə göndərməlidir. Etiraz haqqında bildirişin Baş Katiblik tərəfindən alındığı tarix etiraz bildirişinin verildiyi tarix hesab edilir.
17.2. Etiraz haqqında bildiriş bütün digər tərəflərə, etiraz edilən arbitrə və digər arbitrlərə göndərilməlidir. Etiraz haqqında bildirişə etirazı əsaslandıran faktlar və hüquqi əsaslar barədə məlumat daxil edilməlidir.
17.3. Etiraz edilən arbitrə və etiraz etməyən tərəflərə öz yazılı rəylərini təqdim etmək üçün 15 (on beş) gündən çox olmayan vaxt verilir.
17.4. Tərəf arbitrə etiraz etdikdə, bütün tərəflər etirazla razılaşa bilər. Arbitr də etirazdan sonra öz vəzifəsindən imtina edə bilər. Heç bir halda bu, etiraz üçün əsasların etibarlılığının qəbul edilməsi kimi başa düşülmür.
17.5. Etiraz haqqında bildirişin verildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində bütün tərəflər etirazla razılaşmadıqda və ya etiraz edilən arbitr özü vəzifəsindən imtina etmədikdə, etiraz edən tərəf etirazını davam etdirmək qərarına gələ bilər. Bu halda, o, etiraz haqqında bildiriş tarixindən etibarən 30 (otuz) gün ərzində etirazla bağlı Arbitraj Komissiyasından qərar qəbul edilməsini tələb etməlidir.
Maddə 18: Etiraza dair qərar
18.1. Əgər etiraz 17-ci maddəyə uyğun olaraq həll edilməzsə, Arbitraj Komissiyası tərəflərin, etiraz edilən arbitrin və təyin edilmiş hər hansı digər arbitrlərin rəylərini nəzərə alaraq etiraz barədə qərar qəbul edir.
18.2. Etiraza dair qərar qəbul edilənədək Arbitraj məhkəməsi (o cümlədən etiraz edilən arbitr) arbitraj icraatını davam etdirə bilər.
18.3. Əgər Arbitraj Komissiyası etirazı qəbul edərsə, Arbitraj Komissiyası arbitri kənarlaşdırır və 19-cu maddəyə uyğun olaraq əvəzləyici arbitr təyin edilir.
18.4. Əgər Arbitraj Komissiyası etirazı rədd edərsə, etiraz edilən arbitr arbitraj icraatını davam etdirir.
18.5. Arbitraj Komissiyasının etiraza dair qərarı qətidir və bu Qaydalara əsasən nə Bakı Arbitraj Mərkəzi qarşısında, nə də hər hansı ölkənin dövlət məhkəmələri qarşısında şikayət verilə bilməz.
18.6. Əgər Bakı Arbitraj Mərkəzi Arbitraj Komissiyasının və ya Bakı Arbitraj Mərkəzinin Direktorlar Şurasının üzvü olan arbitrə qarşı etiraz verilibsə, etiraz edilən arbitr etirazın həlli prosesində iştirak edə bilməz.
Maddə 19: Arbitrlərin əvəz edilməsi
19.1. 19.2-ci maddə nəzərə alınmaqla, arbitraj icraatı zamanı arbitrin əvəz edilməsi zərurəti yarandıqda, əvəzləyici arbitr əvəz edilən arbitrin namizədliyinin irəli sürülməsi və təyinatı üçün tətbiq edilən prosedura uyğun olaraq təyin edilir və ya seçilir. Bu prosedur, hətta əvəz edilən arbitrin təyinatı prosesində tərəfin öz təyinat hüququndan istifadə etmədiyi və ya təyinatda iştirak etmədiyi halda da tətbiq edilir. Əvəzləyici arbitrin namizədliyinin irəli sürülməsi və təyinatı üçün tətbiq edilən müddətlər tərəflərin arbitrin ölümü, fəaliyyət qabiliyyətinin olmaması, istefası, vəzifəsindən imtinası və ya kənarlaşdırılması barədə bildirişi aldıqları tarixdən etibarən hesablanır.
19.2. Əgər tərəfin vəsatəti əsasında Arbitraj Komissiyası işin müstəsna hallarını nəzərə almaqla, tərəfin əvəzləyici arbitri təyin etmək hüququndan məhrum edilməsinin əsaslı olduğunu müəyyən edərsə, Arbitraj Komissiyası tərəflərə və qalan arbitrlərə öz rəylərini bildirmək imkanı verdikdən sonra:
(a) əvəzləyici arbitri təyin edə bilər; və ya
(b) Dinləmələr başa çatdıqdan sonra digər arbitrlərə arbitrajı davam etdirmək və hər hansı qərar qəbul etmək səlahiyyəti verə bilər.
19.3. Arbitr əvəz edildikdə, Arbitraj məhkəməsi başqa cür qərar vermədikdə, icraat əvəz edilən arbitrin öz funksiyalarını yerinə yetirməyi dayandırdığı mərhələdən bərpa olunur.
V BÖLMƏ: ARBİTRAJ İCRAATININ APARILMASI
Maddə 20: Ümumi müddəalar
20.1. Arbitraj məhkəməsi tərəflərə bərabər münasibət bəsləməli və tərəflərə öz mövqelərini təqdim etmək üçün ağlabatan imkan verməlidir.
20.2. Arbitraj məhkəməsi mübahisənin xarakterini, mürəkkəbliyini və dəyərini nəzərə alaraq, icraatı sürətli və xərclər baxımından səmərəli şəkildə aparmalıdır. Bu məqsədlə, Arbitraj məhkəməsi tərəflərlə məsləhətləşdikdən sonra, tərəflərin razılaşmasına zidd olmamaq şərtilə, lazımsız gecikmələrin və xərclərin qarşısını almaq üçün zəruri qərarlar qəbul etməlidir.
20.3. Arbitraj məhkəməsi və tərəflər arbitrajın ədalətli, səmərəli, sürətli və qənaətcil aparılmasını təmin etmək üçün bütün səyləri göstərməlidir.
20.4. Arbitraj məhkəməsi təşkil olunduqdan sonra mümkün olan ən qısa müddətdə və tərəfləri öz rəylərini bildirməyə dəvət etdikdən sonra arbitrajın ilkin vaxt cədvəlini tərtib etməli və onu tərəflərə və Bakı Arbitraj Mərkəzinə təqdim etməlidir. Arbitraj məhkəməsi istənilən vaxt tərəfləri öz rəylərini bildirməyə dəvət etdikdən sonra bu Qaydalarda nəzərdə tutulmuş və ya tərəflərin razılaşdırdığı hər hansı müddəti uzada və ya qısalda bilər.
20.5. Bir tərəfin Arbitraj məhkəməsinə bütün kommunikasiyaları həmin tərəf tərəfindən digər bütün tərəflərə də göndərilməlidir.
Maddə 21: Arbitraj məhkəməsinin səlahiyyəti
21.1. Arbitraj məhkəməsi öz səlahiyyəti barədə, o cümlədən Arbitraj sazişinin mövcudluğu və ya etibarlılığı ilə bağlı istənilən etirazlara dair qərar qəbul etmək hüququna malikdir. Bu məqsədlə, müqavilənin tərkib hissəsi olan arbitraj qeyd-şərti müqavilənin digər şərtlərindən asılı olmayan müstəqil saziş kimi qəbul edilir. Arbitraj məhkəməsinin müqavilənin etibarsız olması barədə qərarı özlüyündə arbitraj qeyd-şərtinin etibarsızlığına səbəb olmur.
21.2. Arbitraj məhkəməsinin səlahiyyətə malik olmaması barədə etiraz mümkün qədər tez, lakin iddiaya qarşı etirazdan gec olmayaraq irəli sürülməlidir. Qarşılıqlı iddiaya cavab verən hər hansı tərəfin oxşar etirazı mümkün qədər tez, lakin qarşılıqlı iddiaya cavabdan gec olmayaraq irəli sürülməlidir. Tərəfin arbitr təyin etməsi, yaxud arbitrin təyinatında və ya seçimində iştirak etməsi faktı onun belə bir etiraz irəli sürmək hüququnu istisna etmir. Arbitraj məhkəməsinin öz səlahiyyət hüdudlarını aşdığına dair etiraz, həmin səlahiyyət hüdudlarından kənar olduğu iddia edilən məsələ arbitraj icraatında qaldırılan kimi dərhal irəli sürülməlidir. Hər iki halda Arbitraj məhkəməsi gecikməni əsaslı hesab edərsə, gecikmiş etirazı qəbul edə bilər.
21.3. Arbitraj məhkəməsi 21.2-ci maddədə qeyd olunan etiraza ilkin məsələ kimi və ya mahiyyət üzrə qərarında baxa bilər. Arbitraj məhkəməsi onun səlahiyyətinə dair məhkəmədə baxılmaqda olan hər hansı etiraza baxmayaraq, arbitraj icraatını davam etdirə və qərar qəbul edə bilər.
21.4. Tərəflər Arbitraj sazişinə əsasən mübahisəyə arbitrajda baxılmasına razılıq verdikdə, Arbitraj məhkəməsi təşkil olunduqdan sonra (i) arbitraj prosesinin bütün tərəflərinin əvvəlcədən yazılı razılığı, və ya (ii) Arbitraj məhkəməsinin əvvəlcədən verdiyi icazə istisna olmaqla, yaxud (iii) Arbitraj məhkəməsinin onun səlahiyyətinə və ya yurisdiksiyasına dair etiraz üzrə qərar qəbul etdikdən sonra Arbitraj məhkəməsinin yurisdiksiyası və ya səlahiyyəti ilə bağlı hər hansı hüquqi müdafiə tədbirinin görülməsi üçün heç bir dövlət məhkəməsinə müraciət edə bilməz.
Maddə 22: Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirləri tətbiq etmək səlahiyyəti
22.1. Tərəflər başqa cür razılaşmadıqda, Arbitraj məhkəməsi tərəfin vəsatəti ilə müvəqqəti təminat tədbirləri tətbiq edə bilər.
22.2. Müvəqqəti təminat tədbiri – mübahisənin mahiyyət üzrə həll olunduğu qərarın çıxarılmasına qədər istənilən vaxt Arbitraj məhkəməsinin tərəflərdən aşağıdakıları tələb etdiyi, lakin bunlarla məhdudlaşmayan hər hansı müvəqqəti tədbirdir:
(a) Mübahisə həll olunana qədər mövcud vəziyyəti saxlamaq və ya bərpa etmək;
(b) Arbitraj icraatına zərər vurulmasının qarşısını almaq üçün tədbirlər görmək və ya belə zərər vurulması ehtimal olunan hərəkətlərdən çəkinmək;
(c) İddia və ya qarşılıqlı iddia üzrə hər hansı cavabdeh tərəfin mübahisəli məbləğin hamısı və ya bir hissəsi üçün depozit, bank qarantiyası və ya hər hansı digər üsulla təminat verməsini əmr etmək;
(d) Yekun qərarın icrasını təmin edə biləcək aktivlərin qorunub saxlanmasını təmin etmək;
(e) Mübahisənin həlli üçün aidiyyəti olan və ya əhəmiyyətli ola biləcək sübutları qoruyub saxlamaq.
22.3. Tərəflər arasında başqa razılaşma olmadıqda, vəsatətin əvvəlcədən açıqlanması tələb olunan müvəqqəti təminat tədbirinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirləri tətbiq edilməzdən əvvəl barəsində belə tədbirlərin yönəldiyi tərəfə məlumat verməlidir.
22.4. Müvəqqəti tədbirin tətbiqi barədə vəsatətin əvvəlcədən açıqlanmadan təmin edilməsindən dərhal sonra Arbitraj Məhkəməsi tərəfləri həmin tədbir, bu tədbirin tətbiqi barədə verilmiş vəsatət, müvəqqəti tədbirlərin tətbiqini təmin edən qərar və mövcud olduğu halda tərəflərlə Arbitraj Məhkəməsi arasında baş vermiş bütün digər yazışmalar, o cümlədən hər hansı şifahi ünsiyyətin məzmununun göstərilməsi yolu ilə, barədə məlumatlandırmalıdır.
22.5. Arbitraj məhkəməsi hər hansı tərəfdən müvəqqəti təminat tədbirinin tələb edilməsinə və ya tətbiq olunmasına əsas verən hallarda baş verən hər hansı əhəmiyyətli dəyişiklik barədə tərəfə məlum olan kimi məlumat verməsini tələb edə bilər.
22.6. Tərəf səlahiyyətli dövlət məhkəməsinə Arbitraj məhkəməsinin 22-ci maddəyə (“Müvəqqəti təminat tədbirləri”) əsasən tətbiq etmək səlahiyyətinə malik olduğu müvəqqəti təminat və ya müdafiə tədbirlərinin tətbiqi üçün, o cümlədən Arbitraj məhkəməsi təşkil olunduqdan sonra da müraciət edə bilər. Dövlət məhkəməsinə edilən hər hansı belə müraciət və bununla bağlı qəbul edilən hər hansı qərar barədə Arbitraj məhkəməsinə dərhal məlumat verilməlidir. Hər hansı tərəfin dövlət məhkəməsinə müvəqqəti təminat tədbirləri ilə bağlı müraciəti Arbitraj sazişinə zidd və ya həmin sazişdən imtina kimi hesab edilmir.
22.7. Əgər Arbitraj məhkəməsi sonradan həmin dövrdə mövcud olan hallara görə tədbir tətbiq edilməməli olduğunu müəyyən edərsə, müvəqqəti təminat tədbirini tələb edən tərəf həmin tədbirin hər hansı tərəfə vurduğu xərclər və zərər üçün məsuliyyət daşıya bilər. Arbitraj məhkəməsi bu cür xərcləri və zərəri arbitraj icraatının istənilən mərhələsində təyin edə bilər.
Maddə 23: Müvəqqəti təminat tədbirlərinin tətbiqi şərtləri
23.1. Arbitraj məhkəməsi Qaydaların 22-ci maddəsinə əsasən tərəfin müvəqqəti təminat tədbiri ilə bağlı vəsatəti üzrə qərar qəbul edərkən, digər məsələlərlə yanaşı, aşağıdakı amilləri də nəzərə almalıdır:
(a) Tədbir tətbiq edilmədiyi təqdirdə zərərin əvəzinin ödənilməsi barədə qərarla arzu olunan həddə bərpa edilə bilinməyən zərərin yaranması ehtimalı olduqda və bu zərər tədbir tətbiq ediləcəyi təqdirdə yarana biləcək zərəri əhəmiyyətli dərəcədə üstələyir;
(b) Vəsatət verən tərəfin iddianın mahiyyəti üzrə qalib gəlməsi üçün ağlabatan ehtimal olduqda. Bu ehtimalın müəyyən edilməsi Arbitraj məhkəməsinin hər hansı sonrakı qərarı qəbul etmək mülahizəsinə təsir etmir.
23.2. 23.1-ci maddədə göstərilən amillər Arbitraj məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərar qəbul edilərkən, işin hallarından asılı olaraq və məhkəmənin məqsədəuyğun hesab etdiyi dərəcədə nəzərə alınır.
Maddə 24: Təcili arbitr
24.1. Arbitraj məhkəməsinin təşkilini gözləməsi mümkün olmayan təxirəsalınmaz müvəqqəti təminat və ya müdafiə tədbirlərinə (“Təcili Tədbirlər”) ehtiyacı olan tərəf III Əlavədə göstərilən təcili arbitraj qaydalarına uyğun olaraq Təcili Tədbirlər üçün müraciət edə bilər. Belə müraciət yalnız o halda qəbuledilən hesab olunur ki, müraciət edənin Arbitraj bildirişini artıq təqdim edib-etməməsindən asılı olmayaraq, iş materialları 6.6-cı maddəyə (İş materiallarının Məhkəməyə göndərilməsi) əsasən Arbitraj məhkəməsinə göndərilməzdən əvvəl Katiblik tərəfindən alınmış olsun.
24.2. Təcili arbitrin qərarı qərar formasında olur. Tərəflər təcili arbitrin çıxardığı hər hansı qərara dərhal və tam şəkildə əməl etməlidirlər.
24.3. Təcili arbitr tərəfindən verilən hər hansı qərar həmin qərarda toxunulan hər hansı məsələ, sual və ya mübahisə ilə bağlı Arbitraj məhkəməsi üçün məcburi xarakter daşımır. Arbitraj məhkəməsi bu cür qərarı tam və ya qismən təsdiq edə, dəyişdirə, dayandıra və ya ləğv edə bilər.
24.4. Arbitraj məhkəməsi təcili arbitraj icraatı ilə əlaqədar hər hansı ərizə, iddia və ya məsələni, o cümlədən xərclərin bölüşdürülməsi məsələlərini, yaxud təcili arbitrin qərarına əməl edilməsi və ya edilməməsindən irəli gələn hər hansı iddianı həll edir.
24.5. Bu Maddənin və III Əlavənin (“Təcili arbitraj qaydaları”) müddəaları (birlikdə “Təcili arbitr müddəaları”) yalnız aşağıdakılar arasında tətbiq edilir:
(a) Bu Qaydalara əsasən tətbiq edilməsi üçün istinad edilən Arbitraj sazişini imzalayan tərəflər; və ya
(b) Həmin imzalayan tərəflərin hüquqi varisləri.
24.6. Təcili arbitr müddəaları aşağıdakı hallarda tətbiq edilmir:
(a) Tərəflər Təcili arbitr müddəalarının istisna edilməsi barədə razılığa gəldikdə; və ya
(b) İstinad edilən Arbitraj sazişi beynəlxalq müqavilədən irəli gəldikdə.
24.7. Bu Maddə tərəfin Təcili Tədbirlər üçün müraciət təqdim etməzdən əvvəl istənilən vaxt, yaxud müstəsna hallarda ondan sonra təxirəsalınmaz müvəqqəti təminat və ya müdafiə tədbirlərinin tətbiqi üçün səlahiyyətli məhkəmə orqanına müraciət etməsinin qarşısını almır. Məhkəməyə hər hansı belə müraciət və ya məhkəmə tədbiri Arbitraj sazişinin pozulması və ya həmin sazişdən imtina kimi qiymətləndirilmir. Belə müraciəti edən tərəf vəsatət və məhkəmə tərəfindən verilən hər hansı qərar barədə Katibliyi dərhal məlumatlandırmalıdır.
Maddə 25: Arbitrajın yeri
25.1. Tərəflər arbitrajın yeri barədə əvvəlcədən razılığa gəlmədikdə, Arbitraj məhkəməsi işin halları nəzərə alınmaqla və tərəflərə Arbitraj məhkəməsinə yazılı mülahizələrini bildirmək üçün ağlabatan imkan verdikdən sonra başqa bir yerin daha məqsədəuyğun olduğunu müəyyən etmədikdə, arbitrajın yeri Bakı şəhəri (Azərbaycan Respublikası) hesab edilir.
Maddə 26: Arbitrajın keçirilmə yeri
26.1. Arbitraj məhkəməsi arbitrajın yerindən kənarda, məşvərət üçün məqsədəuyğun hesab etdiyi hər hansı yerdə toplaşa bilər.
26.2. Tərəflərin başqa razılaşması olmadıqda və onlarla məsləhətləşdikdən sonra, Arbitraj məhkəməsi dinləmələri və iclasları arbitrajın yerindən başqa məqsədəuyğun hesab edilən hər hansı yerdə keçirə bilər.
Maddə 27: Arbitrajın dili
27.1. Arbitraj icraatı müqavilənin dilində aparılır. Tərəflər belə dil barədə əvvəlcədən razılığa gəlmədikdə, Arbitraj məhkəməsi təşkil olunduqdan dərhal sonra tərəflərə yazılı rəylərini təqdim etmək üçün ağlabatan imkan verdikdən sonra arbitrajın dilini və ya dillərini müəyyən edir. Bu qərar İddia ərizəsinə, İddiaya qarşı etiraza və hər hansı sonrakı yazılı bəyanatlara, şifahi dinləmələr keçirildikdə isə həmin dinləmələrdə istifadə olunacaq dilə və ya dillərə şamil edilir.
27.2. Arbitraj məhkəməsi iddia ərizəsinə və ya iddiaya qarşı etiraza əlavə edilmiş hər hansı sənədlərin, habelə icraat zamanı təqdim edilmiş hər hansı əlavə sənədlərin və ya maddi sübutların orijinal dilində təqdim edilməsi ilə yanaşı, tərəflərin razılaşdırdığı və ya Arbitraj məhkəməsinin müəyyən etdiyi dilə və ya dillərə tərcüməsi ilə müşayiət olunmasını əmr edə bilər.
Maddə 28: Arbitraj sazişinə tətbiq edilən qaydalar
28.1. Daxili arbitraj üçün Arbitraj sazişi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
28.2. Beynəlxalq arbitraj üçün Arbitraj sazişi tərəflərin birbaşa seçdiyi hüquqla tənzimlənir.
28.3. Belə seçim olmadıqda, Arbitraj sazişi tərəflərin ümumi niyyəti və beynəlxalq arbitraj prinsipləri nəzərə alınmaqla, beynəlxalq publik qaydaya riayət etmək şərtilə və hər hansı konkret milli hüquqa istinad edilmədən, Arbitraj sazişinin etibarlılığını və səmərəliliyini mümkün olan ən yüksək dərəcədə təmin edən beynəlxalq arbitrajın maddi hüquq norması ilə tənzimlənir.
Maddə 29: Mübahisənin mahiyyətinə tətbiq edilən qaydalar
29.1. Arbitraj məhkəməsi mübahisənin mahiyyətinə tətbiq edilməsi üçün tərəflərin müəyyən etdiyi hüquq normalarını tətbiq edir. Hər hansı dövlətin hüququna və ya hüquq sisteminə istinad, başqa cür ifadə olunmadıqda, həmin dövlətin kollizion hüquq normalarına deyil, bilavasitə maddi hüququna istinad kimi şərh edilir. Tərəflər müəyyən etmədikdə, Arbitraj məhkəməsi məqsədəuyğun hesab etdiyi hüququ tətbiq edir.
29.2. Arbitraj məhkəməsi “ex aequo et bono” (bərabərliyə və ədalətə görə) və ya “amiable compositeur” (dost arbitr) qisminə qərarını yalnız tərəflərin ona belə səlahiyyət verdiyi halda qəbul edir.
29.3. Arbitraj məhkəməsi bütün hallarda müqavilənin şərtlərinə (əgər varsa) uyğun olaraq qərar qəbul edir və sövdələşməyə tətbiq edilən işgüzar adətləri nəzərə alır.
Maddə 30: İcraata tətbiq edilən qaydalar
30.1. Arbitraj məhkəməsi arbitraj icraatını bu Qaydalara uyğun olaraq aparır. Əgər bu Qaydalarda müvafiq məsələ tənzimlənməyibsə, tərəflərin razılaşdırdığı qaydalar tətbiq edilir. Həmin məsələ ilə bağlı tərəflər arasında razılaşma olmadıqda, Arbitraj məhkəməsinin müəyyən etdiyi qaydalar tətbiq edilir.
Maddə 31: İddia ərizəsi
31.1. İddia ərizəsi Arbitraj bildirişinə daxil edilmədiyi təqdirdə, İddiaçı iddia ərizəsini yazılı şəkildə Cavabdehə, Katibliyə və hər bir arbitrə Arbitraj məhkəməsi tərəfindən müəyyən edilmiş müddətdə göndərməlidir. İddiaçı 6-cı maddədə istinad edilən Arbitraj bildirişini iddia ərizəsi kimi qəbul etmək qərarına gələ bilər, bir şərtlə ki, Arbitraj bildirişi də həmçinin 6.3-cü maddənin tələblərinə cavab versin.
31.2. İddia ərizəsinə aşağıdakılar daxil edilməlidir:
(a) Tərəflərin adları və əlaqə vasitələri;
(b) İddianı əsaslandıran faktların təsviri;
(c) Mübahisə doğuran məsələlər;
(d) Tələb olunan hüquqi müdafiə tədbiri;
(e) İddianı təşkil edən hüquqi əsaslar və ya arqumentlər.
31.3. İddia ərizəsi İddiaçının istinad etdiyi bütün sənədlər və digər sübutlarla müşayiət olunmalı və onlara istinadları ehtiva etməlidir.
Maddə 32: İddiaya qarşı etiraz
32.1. İddiaya qarşı etiraz Arbitraj bildirişinə cavaba daxil edilmədiyi təqdirdə, Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə İddiaçıya və hər bir arbitrə Arbitraj məhkəməsi tərəfindən müəyyən ediləcək müddətdə göndərməlidir. Cavabdeh 7-ci maddədə istinad edilən Arbitraj bildirişinə cavabını iddiaya qarşı etiraz kimi qəbul etmək qərarına gələ bilər, bir şərtlə ki, Arbitraj bildirişinə cavab həmçinin bu maddənin 2-ci bəndinin tələblərinə cavab versin.
32.2. İddiaya qarşı etirazda 31.2-ci maddənin (b)-(e) hissələrinə uyğun olaraq iddia ərizəsinin təfərrüatlarına cavab verilməlidir. İddiaya qarşı etiraz Cavabdehin istinad etdiyi bütün sənədlər və digər sübutlarla müşayiət olunmalı və onlara istinadları ehtiva etməlidir.
32.3. Cavabdeh Arbitraj məhkəməsinin səlahiyyətə malik olmaması və ya düzgün formalaşdırılmaması barədə etiraz irəli sürdükdə, iddiaya qarşı etirazda belə etirazın faktiki və hüquqi əsasları öz əksini tapmalıdır.
Maddə 33: İddiaya və ya etiraza düzəlişlər
33.1. Arbitraj icraatı zamanı tərəf öz iddiasına və ya etirazına, o cümlədən qarşılıqlı iddiasına düzəliş edə və ya əlavələr edə bilər, bir şərtlə ki, düzəliş edilmiş iddia və ya etiraz Arbitraj sazişinin tətbiq dairəsinə daxil olsun və Arbitraj məhkəməsi gecikməni, digər tərəflərə dəyəcək hər hansı zərəri və ya digər halları nəzərə alaraq, belə düzəlişin və ya əlavənin edilməsinə icazə verilməsini məqsədəuyğun hesab etməsin.
33.2. Bakı Arbitraj Mərkəzi inzibati rüsumlara və Arbitraj məhkəməsinin rüsumlarına düzəliş edə bilər.
Maddə 34: Əlavə yazılı bəyanatlar
34.1. Arbitraj məhkəməsi tərəflərin rəylərini nəzərə aldıqdan sonra iddia ərizəsi və iddiaya qarşı etirazdan əlavə tərəflərdən hansı əlavə yazılı bəyanatların tələb olunduğuna və ya tərəflərin hansı əlavə bəyanatları təqdim edə biləcəyinə qərar verir və belə bəyanatların göndərilməsi müddətlərini təyin edir.
Maddə 35: Sübutlar
35.1. Hər bir tərəf öz iddiasını və ya etirazını əsaslandıran faktları sübut etmək vəzifəsini daşıyır.
35.2. Arbitraj məhkəməsi sübutlara dair hər hansı qəti qaydaların tətbiq edilib-edilməməsinə qərar verir və təqdim olunan sübutların mümkünlüyünü, aidiyyətini, əhəmiyyətini və çəkisini müəyyən edir. Arbitraj məhkəməsi istənilən sənədləri və ya digər sübutları qəbul etmək və ya onları kənarlaşdırmaq səlahiyyətinə malikdir.
35.3. Arbitraj məhkəməsi işin faktiki hallarını müəyyən etmək üçün məqsədəuyğun hesab etdiyi hər hansı vasitədən istifadə edir. Tərəflərdən birinin vəsatəti ilə və ya öz təşəbbüsü ilə Arbitraj məhkəməsi tərəfləri, şahidləri və tərəflərin təyin etdiyi ekspertləri dinləyə bilər.
35.4. Arbitraj məhkəməsi tərəflərlə məsləhətləşdikdən sonra yerində baxış keçirmək barədə qərar qəbul edə bilər.
35.5. Arbitraj icraatı zamanı Arbitraj məhkəməsi tərəflərdən işin nəticəsi üçün aidiyyəti olan və əhəmiyyətli hesab etdiyi hər hansı əlavə məlumat və sənədlərin təqdim olunmasını tələb edə bilər.
Maddə 36: Şahidlər
36.1. Arbitraj məhkəməsi tərəfindən başqa cür müəyyən edilmədikdə, şahid ifadələri yazılı şəkildə və onlar tərəfindən imzalanmış formada təqdim edilə bilər.
36.2. Tətbiq olunan hüququn imperativ normaları nəzərə alınmaqla, yazılı ifadəsinə digər tərəfin istinad etdiyi şahid şifahi ifadə verə bilər və hər bir tərəf, onların nümayəndələri və Arbitraj məhkəməsi tərəfindən Arbitraj məhkəməsinin müəyyən etdiyi qaydada dindirilə bilər.
36.3. Şahid üzrlü səbəb göstərmədən dinləmədə iştirak etməkdən imtina etdikdə və ya gəlmədikdə, Arbitraj məhkəməsi yazılı ifadəyə məqsədəuyğun hesab etdiyi dərəcədə əhəmiyyət verə bilər və ya həmin yazılı ifadəni kənarlaşdıra bilər.
Maddə 37: Arbitraj məhkəməsi tərəfindən təyin edilən ekspertlər
37.1. Tərəflərlə məsləhətləşdikdən sonra, Arbitraj məhkəməsi müəyyən edilmiş konkret məsələlər üzrə Arbitraj məhkəməsinə yazılı rəy vermək üçün bir və ya daha çox müstəqil ekspert təyin edə bilər.
37.2. Ekspert, bir qayda olaraq, təyinatı qəbul etməzdən əvvəl Arbitraj məhkəməsinə və tərəflərə öz ixtisasına dair məlumatı, habelə qərəzsizliyi və müstəqilliyi barədə bəyanatı təqdim etməlidir. Arbitraj məhkəməsinin təyin etdiyi müddətdə tərəflər ekspertin ixtisasına, qərəzsizliyinə və ya müstəqilliyinə dair hər hansı etirazlarının olub-olmadığını Arbitraj məhkəməsinə bildirməlidir. Arbitraj məhkəməsi bu cür etirazların qəbul edilib-edilməməsi barədə dərhal qərar qəbul edir.
37.3. Ekspert təyin edildikdən sonra tərəf ekspertin ixtisasına, qərəzsizliyinə və ya müstəqilliyinə yalnız təyinatdan sonra tərəfə məlum olan səbəblərə görə etiraz edə bilər. Arbitraj məhkəməsi hər hansı tədbirin görülüb-görülməməsi barədə dərhal qərar qəbul edir.
37.4. Tərəflər ekspertə hər hansı aidiyyəti olan məlumatı verməli, yaxud onun tələb edə biləcəyi hər hansı aidiyyəti olan sənədləri və ya malları yoxlanılması üçün təqdim etməlidirlər. Tərəflə ekspert arasında tələb olunan məlumatın və ya təqdimatın aidiyyəti ilə bağlı hər hansı mübahisə yarandıqda, məsələ qərar qəbul edilməsi üçün Arbitraj məhkəməsinə yönəldilir.
37.5. Ekspert rəyini aldıqdan sonra Arbitraj məhkəməsi rəyin surətini tərəflərə göndərir və onlara rəy barədə öz fikirlərini yazılı şəkildə bildirmək imkanı verilir. Tərəf ekspertin öz rəyində istinad etdiyi hər hansı sənədlə tanış olmaq hüququna malikdir.
37.6. Hər hansı tərəfin vəsatəti ilə ekspert rəyi təqdim edildikdən sonra tərəflərin iştirak etmək və eksperti dindirmək imkanına malik olduğu dinləmədə dinlənilə bilər. Bu dinləmədə hər hansı tərəf mübahisəli məsələlər üzrə ifadə vermələri üçün ekspert qismində şahidlər təqdim edə bilər.
Maddə 38: Dinləmələr
38.1. Tərəflər mübahisənin yazılı sənədlər və onlara əlavə edilmiş sənədli sübutlar əsasında həll edilməsi barədə razılığa gəlmədikdə, Arbitraj məhkəməsi tərəflərdən birinin vəsatəti ilə və ya öz təşəbbüsü ilə sübutların təqdim edilməsi və ya şifahi arqumentlərin dinlənilməsi üçün dinləmələrin keçirilib-keçirilməməsinə qərar verir.
38.2. Şifahi dinləmə keçirildiyi halda, Arbitraj məhkəməsi bu barədə tərəflərə ağlabatan müddət əvvəl bildiriş verir.
38.3. Arbitraj məhkəməsi dinləmələrin aparılmasına tam rəhbərlik edir.
38.4. Şahidlər, o cümlədən ekspert qismində şahidlər Arbitraj məhkəməsinin müəyyən etdiyi şərtlər daxilində dinlənilə və müəyyən etdiyi qaydada dindirilə bilər.
38.5. Tərəflərin başqa razılaşması olmadıqda, bütün dinləmələr qapalı keçirilir. Arbitraj icraatı ilə əlaqədar istifadə olunan hər hansı səs yazıları, stenoqramlar və ya sənədlər 55-ci maddənin (“Konfidensiallıq”) müddəalarına tabedir.
Maddə 39: Tərəfin fəaliyyətsizliyi
39.1. Bu Qaydalarla və ya Arbitraj məhkəməsi tərəfindən müəyyən edilmiş müddət ərzində yetəri qədər əsas göstərmədən:
(a) Arbitraj qərarı ilə həll edilməsi gözlənilən digər məsələlərin mövcud olduğu və Arbitraj məhkəməsinin həmin məsələlər üzrə qərar qəbul etməyi məqsədəuyğun hesab etdiyi hallar istisna olmaqla, İddiaçı öz iddia ərizəsini təqdim etməmişdirsə, Arbitraj məhkəməsi arbitraj icraatına xitam verir;
(b) Cavabdeh Arbitraj bildirişinə cavabını və ya iddiaya qarşı öz etirazını təqdim etməmişdirsə, Arbitraj məhkəməsi bu hərəkətsizliyi özlüyündə İddiaçının iddialarının etirafı kimi qiymətləndirmədən icraatın davam etdirilməsinə qərar verir. Bu yarımbəndin müddəaları iddiaçının qarşılıqlı iddiaya cavab təqdim etmədiyi hallara da tətbiq edilir.
39.2. Bu Qaydalara uyğun olaraq xəbərdar edilmiş Tərəf yetəri qədər əsas göstərmədən dinləmə iclasına gəlmədikdə, Arbitraj məhkəməsi arbitraj araşdırmasını davam etdirə bilər.
39.3. Tərəf, yetəri qədər əsas göstərmədən müəyyən edilmiş müddət ərzində bu Qaydalara, yaxud Arbitraj məhkəməsinin hər hansı göstərişinə, qərarına, qərardadına, yaxud arbitraj qərarına əməl etmədikdə, Arbitraj məhkəməsi öz sərəncamında olan sübutlar əsasında arbitraj qərarı çıxara bilər.
Maddə 40: Arbitraj icraatının xitamı
40.1. Arbitraj məhkəməsi mümkün olan ən qısa müddətdə və hər bir halda, sonuncu dinləmə iclasından və ya arbitraj qərarı ilə həll edilməli məsələlər üzrə sonuncu təyin edilmiş şifahi və ya yazılı təqdimatlardan sonra, hansı daha gec baş vermişdirsə, həmin tarixdən etibarən 45 (qırx beş) təqvim günündən gec olmayaraq, icraata xitam verildiyini tərəflərə və Katibliyə yazılı şəkildə bildirir. Arbitraj məhkəməsi icraatı yenidən açmadığı təqdirdə arbitraj icraatına xitam verildikdən sonra əlavə təqdimatlar, dəlillər və ya sübutlar təqdim edilə bilməz.
40.2. Arbitraj məhkəməsi zəruri hesab etdikdə, öz təşəbbüsü ilə və ya tərəfin vəsatəti əsasında, arbitraj qərarı çıxarılana qədər istənilən vaxt icraatı yenidən aça bilər.
VI BÖLMƏ. ÇOXSAYLI TƏRƏFLƏR, ÇOXSAYLI MÜQAVİLƏLƏR VƏ İCRAATLARIN BİRLƏŞDİRİLMƏSİ
Maddə 41: İcraatların birləşdirilməsi
41.1. Birləşdirilməsi tələb olunan arbitraj icraatlarından hər hansı birində Arbitraj məhkəməsi təşkil olunmamışdan əvvəl hər bir tərəf bu Qaydalar üzrə idarə olunan iki və ya daha çox arbitraj icraatının birləşdirilməsi barədə Arbitraj Komissiyasına ünvanlanmış yazılı ərizəni Katibliyə təqdim edə bilər.
41.2. Arbitraj Komissiyası aşağıdakı hallardan hər hansı biri mövcud olduqda ərizəni təmin edə bilər:
(a) bütün tərəflər birləşdiməyə razılıq vermişdir, və ya
(b) arbitraj icraatlarında irəli sürülmüş bütün tələblər eyni tərəflərdən və eyni hüquqi münasibətlərdən irəli gəlir, yaxud həmin tərəflər və münasibətlərlə əlaqədardır, və ya
(c) arbitraj icraatlarında irəli sürülmüş tələblər aşağıdakılardan irəli gəlir, yaxud onlarla əlaqədardır:
(i) əsas müqavilədən və bir və ya bir neçə əlavə müqavilədən ibarət olan müqavilələrdən, və ya
(ii) eyni əməliyyatdan və ya əməliyyatlar silsiləsindən, bir şərtlə ki, Arbitraj sazişləri bir-biri ilə uzlaşsın.
41.3. Birləşdirmə barədə ərizədə aşağıdakılar göstərilməlidir:
(a) birləşdirilməsi tələb olunan arbitraj icraatları və mövcud olduqda, onların istinad nömrələri;
(b) bütün tərəflərin adları, əlaqə məlumatları və nümayəndələri, həmçinin artıq namizəd göstərilmiş və ya təyin edilmiş arbitrlər;
(c) ərizəni əsaslandıran faktlar və hüquqi əsaslar barədə məlumat;
(d) Katibliyin tələb etdiyi və ya Arbitraj Komissiyasının tələb etdiyi digər məlumatlar.
41.4. Arbitraj Komissiyası tərəflərə dinlənilmək imkanı verdikdən və onların mövqelərini nəzərə aldıqdan sonra, birləşdirmə barədə ərizənin təmin edilib-edilməməsi haqqında qərar qəbul edir. Arbitraj Komissiyası tərəflərlə məsləhətləşdikdən sonra, birləşdirmə barədə ərizə üzrə qərar qəbul edilənədək hər hansı arbitraj icraatını dayandıra bilər.
41.5. Bu maddə əsasında birləşdirmə barədə ərizənin təmin edilməsi haqqında Arbitraj Komissiyasının qərarı, həmin qərardan irəli gələn öz yurisdiksiyasına dair məsələlər üzrə hər hansı Arbitraj məhkəməsinin qərar vermək səlahiyyətinə xələl gətirmir.
41.6. Bu maddə əsasında birləşdirmə barədə ərizənin rədd edilməsi haqqında Arbitraj Komissiyasının qərarı, hər hansı tərəfin bu Qaydaların 41.7-41.9-cu maddələrinə uyğun olaraq birləşdirmə barədə ərizə ilə Arbitraj məhkəməsinə müraciət etmək hüququna xələl gətirmir.
41.7. Birləşdirilməsi tələb olunan arbitraj icraatlarından hər hansı birində Arbitraj məhkəməsi təşkil olunduqdan sonra, tərəf 41.2-ci maddədə göstərilən hallardan hər hansı biri mövcud olduqda, bu Qaydalar üzrə idarə olunan iki və ya daha çox arbitraj icraatının birləşdirilməsi barədə həmin Arbitraj məhkəməsinə ərizə ilə müraciət edə bilər, bir şərtlə ki, ya hər bir arbitraj icraatı üzrə eyni Arbitraj məhkəməsi təşkil olunmuşdur, ya da digər arbitraj icraatında və ya icraatlarında hələ Arbitraj məhkəməsi təşkil olunmamışdır.
41.8. Arbitraj məhkəməsi bütün tərəflərə dinlənilmək imkanı verdikdən sonra, birləşdirmə barədə ərizənin tam və ya qismən təmin edilib-edilməməsi haqqında qərar qəbul edir.
41.9. Arbitraj icraatları birləşdirildikdə:
(a) onlar bu Qaydalar üzrə vahid arbitraj icraatı kimi davam etdirilir;
(b) bütün tərəflər başqa cür razılaşmadıqda və ya Arbitraj Komissiyası başqa cür qərar qəbul etmədikdə, birləşdirilmiş arbitraj icraatı ilk başlanmış arbitraj icraatında aparılır;
(c) Arbitraj Komissiyası tərəflərlə məsləhətləşdikdən sonra, birləşdirmə barədə qərardan əvvəl təyin edilmiş hər hansı arbitrin təyinatını zəruri olduqda ləğv edə və yeni Arbitraj məhkəməsini təşkil edə bilər;
(d) arbitrin təyinatının ləğv edilməsi, belə ləğv etmədən əvvəl edilmiş hər hansı hərəkətin, qəbul edilmiş hər hansı qərardadın və ya çıxarılmış hər hansı arbitraj qərarının etibarlılığına təsir etmir;
(e) 41.4-cü və ya 41.8-ci maddələr əsasında birləşdirmə barədə ərizə təmin edildikdə, Arbitraj məhkəməsinin təşkil olunmasında arbitr namizədi irəli sürmək və ya digər qaydada iştirak etmək imkanı olmayan hər hansı tərəf, bu Qaydaların 16-cı maddəsinə uyğun olaraq arbitrə etiraz etmək hüququna xələl gətirmədən, həmin hüquqdan imtina etmiş sayılır.
Maddə 42: Əlavə tərəflərin qoşulması
42.1. Tərəf və ya iş üzrə tərəf olmayan şəxs, bu Qaydalar üzrə baxılan arbitraj icraatına bir və ya bir neçə əlavə tərəfin İddiaçı və ya Cavabdeh qismində cəlb edilməsi barədə ərizə ilə müraciət edə bilər. Belə ərizə Arbitraj bildirişi və ya cavabla birlikdə Katibliyə təqdim edilə bilər, yaxud Arbitraj məhkəməsi təşkil olunanadək istənilən vaxt təqdim edilə bilər, bir şərtlə ki, əlavə tərəf daxil olmaqla bütün tərəflər cəlb edilməyə razılıq vermişdir, yaxud əlavə tərəf ilk baxışdan eyni və ya uyğun Arbitraj sazişləri ilə bağlıdır.
42.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
(a) ərizənin bütün tərəflərə təqdim edildiyi tarix və təqdim edilmə üsulu;
(b) iş üzrə istinad nömrəsi;
(c) bütün tərəflərin, onların nümayəndələrinin və əlavə tərəfin şəxsiyyəti və əlaqə məlumatları;
(d) əlavə tərəfin İddiaçı, yoxsa Cavabdeh qismində cəlb edilməli olduğu;
(e) əlavə tərəfin iştirak etdiyi mübahisənin qısa təsviri, müvafiq Arbitraj sazişlərinin təsviri və tələb olunan hüquqi müdafiə vasitəsi;
(f) üçüncü şəxs maliyyələşdirməsi barədə hər hansı razılaşmanın açıqlanması, maliyyələşdirənin adı və ünvanı;
(g) ərizəni əsaslandıran faktlar və hüquqi əsaslar barədə bəyanat;
(h) əlavə tərəfin cəlb edilməsi üzrə ərizə haqqının ödənilməsini təsdiq edən sənəd.
42.3. Katiblik ərizənin formal tələblərə uyğunluğunu yoxlayır. Nöqsanlar aşkar edildikdə, Katiblik ərizəçini həmin nöqsanları müəyyən edilmiş müddət ərzində aradan qaldırmağa dəvət edə bilər. Həmin müddət ərzində nöqsanlar aradan qaldırılmadıqda, ərizə hüquqlara xələl gətirmədən geri götürülmüş sayılır.
42.4. Ərizə tam tərtib edildikdən sonra, Katiblik bütün tərəfləri, o cümlədən əlavə tərəfi xəbərdar edir və ərizəni qərar qəbul edilməsi üçün Arbitraj Komissiyasına göndərir.
42.5. Arbitraj Komissiyası bütün tərəflərin, o cümlədən əlavə tərəfin mövqelərini nəzərə alaraq, 42.1-42.4-cü maddələr üzrə əlavə tərəfin cəlb edilməsi barədə ərizənin təmin edilib-edilməməsi haqqında qərar qəbul edir.
42.6. Arbitraj Komissiyası əlavə tərəfin cəlb edilməsini təmin etdikdə, əlavə tərəfə münasibətdə arbitraj icraatı Katibliyin tam tərtib edilmiş ərizəni qəbul etdiyi tarixdən başlanmış sayılır.
42.7. Əlavə tərəfin cəlb edilməsini təmin edən qərar, həmin qərardan irəli gələn hər hansı səlahiyyət məsələsini müəyyən etmək Arbitraj məhkəməsinin səlahiyyətinə xələl gətirmir. Əlavə tərəfin cəlb edilməsinin rədd edilməsi barədə qərar isə Arbitraj məhkəməsi təşkil olunduqdan sonra Arbitraj məhkəməsinə təkrar müraciət edilməsinə mane olmur.
42.8. Arbitraj məhkəməsi təşkil olunduqdan sonra, tərəf və ya iş üzrə tərəf olmayan şəxs bir və ya bir neçə əlavə tərəfin cəlb edilməsi barədə ərizəni Arbitraj məhkəməsinə təqdim edə bilər. Arbitraj məhkəməsi başqa cür göstəriş vermədikdə, ərizə 42.2-ci maddəyə uyğun olaraq tərtib edilir və Arbitraj məhkəməsinə göndərilməsi üçün Katibliyə təqdim edilə bilər.
42.9. Arbitraj məhkəməsi bütün tərəflərə, o cümlədən əlavə tərəfə dinlənilmək imkanı verdikdən sonra, tələbin təmin edilib-edilməməsi haqqında qərar qəbul edir. Əlavə tərəfin cəlb edilməsini təmin edən qərar, yarana biləcək hər hansı səlahiyyət məsələsini müəyyən etmək səlahiyyətinə xələl gətirmir. Əlavə tərəfə münasibətdə arbitraj icraatı, müvafiq olaraq, tam tərtib edilmiş ərizənin Katiblik və ya Arbitraj məhkəməsi tərəfindən qəbul edildiyi tarixdən başlanmış sayılır.
42.10. Arbitrlərin təyin edilməsində iştirak etmək imkanı olmayan hər hansı tərəf, bu Qaydaların 16-cı maddəsinə uyğun olaraq arbitrə etiraz etmək hüququna xələl gətirmədən həmin hüquqdan imtina etmiş sayılır.
42.11. Əlavə tərəfin cəlb edilməsindən sonra tərəflər və əlavə tərəf təqdimatları tənzimləyən prosessual qaydalara uyğun olaraq bir-birinə qarşı tələblər irəli sürə bilərlər.
Maddə 43: Çoxsaylı müqavilələr
43.1. Arbitraj sazişlərini nəzərdə tutan iki və ya daha çox müqavilə üzrə və ya həmin müqavilələrlə əlaqədar mübahisələr yarandıqda, İddiaçı aşağıdakı variantlardan birini seçə bilər:
(a) istinad edilən hər bir Arbitraj sazişi üzrə ayrıca Arbitraj bildirişi təqdim etmək;
(b) istinad edilən hər bir Arbitraj sazişi üzrə ayrıca Arbitraj bildirişləri təqdim etmək və eyni zamanda, həmin arbitraj icraatlarının bu Qaydaların 41-ci maddəsinə (“İcraatların birləşdirilməsi”) uyğun olaraq birləşdirilməsi barədə ərizə vermək;
(c) həmin Arbitraj sazişləri eyni olduqda və ya bir-biri ilə uzlaşdıqda, iştirak edən bütün Arbitraj sazişlərinə istinad etməklə vahid, birləşdirilmiş Arbitraj bildirişi təqdim etmək.
43.2. Birləşdirilmiş Arbitraj bildirişi bu Qaydaların 41-ci maddəsi (“İcraatların birləşdirilməsi”) üzrə birləşdirmə barədə ərizəni də əhatə etmiş sayılır və həmin ərizə həmin maddəyə uyğun qaydada həll edilir.
43.3. Bu Qaydaların 6.3-cü maddəsi (“Arbitraj bildirişinin məzmunu”) üzrə Arbitraj bildirişinə tətbiq olunan tələblərə əlavə olaraq, birləşdirilmiş və ya ayrıca Arbitraj bildirişində müvafiq müqavilələr və müvafiq Arbitraj sazişləri göstərilməli, həmçinin istinad edilən hər bir Arbitraj sazişi ilə bağlı tələblər və ya qarşılıqlı tələblər müəyyən edilməlidir.
43.4. İddiaçı 43.1-ci maddənin (b) hissəsinə uyğun olaraq Arbitraj bildirişi təqdim etdikdə, Katiblik birləşdirilməsi tələb olunan bütün arbitraj icraatları üzrə vahid ərizə rüsumunun ödənişini qəbul edir. Arbitraj Komissiyası 41.4-cü maddəyə uyğun olaraq birləşdirmə barədə ərizəni tam və ya qismən rədd etdikdə, İddiaçı birləşdirilməmiş hər bir iş üzrə istinad nömrəsinə münasibətdə ayrıca ərizə rüsumunu ödəməlidir.
43.5. İddiaçı 43.1-ci maddənin (c) hissəsinə uyğun olaraq vahid Arbitraj bildirişi təqdim etdikdə, Katiblik birləşdirilməsi tələb olunan bütün arbitraj icraatları üzrə vahid ərizə rüsumunun ödənişini qəbul edir. Arbitraj Komissiyası 41.4-cü maddəyə uyğun olaraq birləşdirmə barədə ərizəni tam və ya qismən rədd etdikdə, İddiaçı 6-cı maddəyə uyğun qaydada Arbitraj bildirişi təqdim etməli və birləşdirilməmiş hər bir iş üzrə istinad nömrəsinə münasibətdə ayrıca ərizə rüsumunu ödəməlidir.
Maddə 44: Paralel və ya əlaqələndirilmiş icraat
44.1. Bu Qaydalar üzrə idarə olunan iki və ya daha çox arbitraj icraatında eyni Arbitraj məhkəməsi təşkil olunduqda və hüquq və ya faktla bağlı ümumi və ya əlaqəli məsələlər yarandıqda, yaxud icraatlarda sübutlara və ya tələb olunan hüquqi müdafiə vasitəsinə dair üst-üstə düşən məsələlər olduqda, Arbitraj məhkəməsi tərəflərlə məsləhətləşdikdən sonra və ya hər hansı tərəfin ərizəsi əsasında, arbitraj icraatlarının müvafiq hesab etdiyi qaydada əlaqələndirilməsi barədə göstəriş verə bilər, o cümlədən:
(a) arbitraj icraatlarının eyni vaxtda və ya ardıcıl aparılması;
(b) arbitraj icraatlarının tam və ya qismən birlikdə baxılması, prosessual hərəkətlərin və ya sübutların uyğunlaşdırılması;
(c) digər arbitraj icraatında hər hansı məsələ həll edilənədək arbitraj icraatlarından hər hansı birinin dayandırılması.
44.2. Arbitraj məhkəməsi 44.1-ci maddə üzrə hər hansı təklifi və ya ərizəni, arbitraj icraatlarının bütün tərəflərinə, o cümlədən bundan maraqlarına toxunan hər hansı iş üzrə tərəf olmayan şəxsə dinlənilmək imkanı verdikdən sonra həll edir və bu zaman bu Qaydaların 55-ci maddəsi (“Məxfilik”) üzrə məxfilik öhdəliklərini, prosessual bərabərliyin təmin edilməsi zərurətini və icraatın səmərəli aparılmasını nəzərə alır.
44.3. Tərəflər başqa cür razılaşmadıqda və ya Arbitraj məhkəməsi başqa cür göstəriş vermədikdə, əlaqələndirilmiş arbitraj icraatları ayrı-ayrı icraatlar olaraq qalır və Arbitraj məhkəməsi hər bir arbitraj icraatı üzrə ayrıca qərardadlar, qərarlar və ya arbitraj qərarları çıxarır.
44.4. Arbitraj Komissiyası (və ya Katiblik) bu maddə üzrə əlaqələndirmə nəticəsində yaranan səmərəliliyi və ya mürəkkəbliyi nəzərə alaraq, zəruri olduqda, inzibati haqları və Arbitraj məhkəməsinin haqlarını müvafiq qaydada tənzimləyə bilər.
VII BÖLMƏ. ARBİTRAJ QƏRARLARI
Maddə 45: Arbitraj qərarının çıxarılması
45.1. Arbitraj məhkəməsi arbitraj icraatı zamanı həll edilməli mübahisənin müxtəlif aspektləri üzrə müxtəlif vaxtlarda ayrıca arbitraj qərarları çıxara bilər. Belə qərarlar Arbitraj məhkəməsinin çıxardığı digər hər hansı arbitraj qərarı ilə eyni hüquqi qüvvəyə malikdir.
45.2. Bütün arbitraj qərarları yazılı formada çıxarılır və qətidir, tərəflər üçün məcburidir. Tərəflər bütün arbitraj qərarlarını ləngimədən icra etməlidirlər.
45.3. Arbitraj məhkəməsi arbitraj qərarının əsaslandığı səbəbləri göstərməlidir.
45.4. Arbitraj məhkəməsi icra oluna bilən arbitraj qərarının çıxarılması üçün zəruri olan bütün tədbirləri görməlidir.
45.5. Bir neçə arbitr olduqda və Arbitraj məhkəməsi hər hansı məsələ üzrə razılığa gələ bilmədikdə, qərar səs çoxluğu ilə qəbul edilir. Hər hansı məsələ üzrə səs çoxluğu əldə edilmədikdə, həmin məsələni sədrlik edən arbitr həll edir.
45.6. Arbitraj qərarı arbitrlər tərəfindən imzalanmalı, qərarın çıxarıldığı tarixi əks etdirməli və arbitraj yerini göstərməlidir. Bir neçə arbitr olduqda və onlardan hər hansı biri imzalamaqdan imtina etdikdə və ya imzalaya bilmədikdə, arbitrlərin əksəriyyətinin imzası, əksəriyyət olmadıqda isə sədrlik edən arbitrin imzası kifayətdir, bir şərtlə ki, imzanın olmamasının səbəbi arbitraj qərarında əksəriyyət və ya sədrlik edən arbitr tərəfindən göstərilsin.
45.7. Bakı Arbitraj Mərkəzinə 51-52-ci maddələrə uyğun olaraq ödənilməli olan bütün arbitraj xərcləri tam ödənildiyi halda, Arbitraj məhkəməsi imzalanmış arbitraj qərarının orijinal nüsxələrini Bakı Arbitraj Mərkəzinə təqdim edir. Bakı Arbitraj Mərkəzi arbitraj qərarına öz möhürünü vurur və onu tərəflərə təqdim edir. Təqdimetmə istənilən elektron vasitə ilə həyata keçirilə bilər, tərəflərdən hər hansı birinin tələbi olduqda və ya tərəfə elektron vasitə ilə təqdimetmə mümkün olmadıqda isə kağız formada həyata keçirilir.
45.8. 48-50-ci maddələrin müddəaları, müvafiq dəyişikliklərlə, düzəlişə, şərhə və ya əlavə arbitraj qərarına tətbiq edilir.
Maddə 46: Barışıq və ya icraata xitam verilməsinin digər əsasları
46.1. Arbitraj qərarı çıxarılmamışdan əvvəl tərəflər mübahisənin yekun barışıq yolu ilə həll edilməsi barədə razılığa gəldikdə, Arbitraj məhkəməsi ya arbitraj icraatına xitam verir, ya da bütün tərəflərin tələbi ilə və Arbitraj məhkəməsinin bunu qəbul etməsi şərti ilə, barışığı razılaşdırılmış şərtlər üzrə arbitraj qərarı kimi rəsmiləşdirir. Arbitraj məhkəməsi belə arbitraj qərarını əsaslandırmağa borclu deyildir.
46.2. Arbitraj məhkəməsi tərəflərə mövqelərini bildirmək üçün imkan yaratdıqdan sonra, aşağıdakı hallarda arbitraj icraatına xitam verir:
(a) İddiaçı öz tələblərini geri götürdükdə, istisna olaraq, Cavabdeh buna etiraz etdikdə və Arbitraj məhkəməsi Cavabdehin mübahisənin yekun həllinin əldə edilməsində qanuni marağının olmasını tanıdıqda;
(b) tərəflər arbitraj icraatına xitam verilməsi barədə razılığa gəldikdə;
(c) 52-ci maddəyə uyğun olaraq arbitraj xərcləri üçün avans məbləği yatırılmadıqda.
Maddə 47: Arbitraj qərarının layihəsinin təqdim edilməsi
47.1. Arbitraj qərarında həll edilməli məsələlər üzrə sonuncu təyin edilmiş şifahi və ya yazılı təqdimatın təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində Arbitraj məhkəməsi arbitraj qərarının layihəsini nə vaxt təqdim etməyi planlaşdırdığı barədə təxmini vaxt göstəricisini tərəflərə və Katibliyə təqdim edir.
47.2. Arbitraj Komissiyası başqa cür müəyyən etmədikdə, Arbitraj məhkəməsi arbitraj qərarının aid olduğu icraat üzrə sonuncu təyin edilmiş şifahi və ya yazılı təqdimatın təqdim edildiyi tarixdən 90 (doxsan) gündən gec olmayaraq arbitraj qərarının layihəsini Bakı Arbitraj Mərkəzinin Katibliyinə təqdim edir.
47.3. Arbitraj Komissiyası mümkün olan ən qısa müddətdə arbitraj qərarının layihəsinin forması ilə bağlı dəyişikliklər təklif edə və mübahisənin həll edilməsi üzrə Arbitraj məhkəməsinin müstəqilliyinə təsir etmədən Arbitraj məhkəməsinin diqqətini mahiyyət üzrə məqamlara yönəldə bilər.
47.4. Arbitraj qərarı Arbitraj Komissiyası tərəfindən arbitraj qərarının layihəsi forma baxımından təsdiq edildikdən sonra çıxarıla bilər.
Maddə 48: Arbitraj qərarının təfsiri
48.1. Arbitraj qərarını aldığı gündən 30 (otuz) gün müddətində tərəf, digər tərəfləri xəbərdar etməklə, Arbitraj məhkəməsindən arbitraj qərarının təfsir edilməsini tələb edə bilər.
48.2. Təfsir barədə tələb alındığı gündən 45 (qırx beş) gün müddətində təfsir yazılı formada verilir. Təfsir arbitraj qərarının tərkib hissəsi hesab edilir.
Maddə 49: Arbitraj qərarına düzəlişlərin edilməsi
49.1. Arbitraj qərarını aldığı gündən 30 (otuz) gün müddətində tərəf, digər tərəfləri xəbərdar etməklə, arbitraj qərarında hər hansı hesablama xətasının, yazı və ya çap xətasının, yaxud oxşar xarakterli hər hansı səhvin və ya ötürülmənin düzəldilməsi barədə Arbitraj məhkəməsinə müraciət edə bilər. Arbitraj məhkəməsi müraciəti əsaslı hesab etdikdə, onu aldığı gündən 45 (qırx beş) gün müddətində düzəlişləri edir.
49.2. Arbitraj məhkəməsi arbitraj qərarı tərəflərə təqdim edildiyi gündən 30 (otuz) gün müddətində öz təşəbbüsü ilə 49.1-ci maddədə nəzərdə tutulan düzəlişləri edə bilər.
49.3. Düzəlişlər yazılı formada edilir və arbitraj qərarının tərkib hissəsi hesab olunur.
Maddə 50: Əlavə arbitraj qərarı
50.1. Tərəf, arbitraj icraatına xitam verilməsi haqqında qərarı və ya arbitraj qərarını aldığı gündən 30 (otuz) gün müddətində, digər tərəfləri xəbərdar etməklə, arbitraj icraatı çərçivəsində qaldırılmış, lakin Arbitraj məhkəməsi tərəfindən həll edilməmiş tələblər üzrə əlavə arbitraj qərarının çıxarılması barədə Arbitraj məhkəməsinə müraciət edə bilər.
50.2. Arbitraj məhkəməsi əlavə arbitraj qərarı barədə müraciəti əsaslı hesab etdikdə, digər tərəfə və ya tərəflərə həmin müraciətə dair mülahizələrini təqdim etmələri üçün 30 (otuz) gündən artıq olmayan qısa müddət müəyyən edir. Arbitraj məhkəməsi digər tərəfin və ya tərəflərin mülahizələrini aldığı gündən 40 (qırx) gün müddətində arbitraj qərarını çıxarır və ya tamamlayır. Zəruri olduqda, Arbitraj məhkəməsi arbitraj qərarının çıxarılması üçün nəzərdə tutulmuş müddəti uzada bilər.
50.3. Əlavə arbitraj qərarı yazılı formada olmalıdır və arbitraj qərarının tərkib hissəsi hesab edilir.
VIII BÖLMƏ: DEPOZİTLƏR VƏ ARBİTRAJ XƏRCLƏRİ
Maddə 51: Xərclərin anlayışı
51.1. “Arbitraj xərcləri” anlayışına, hər hansı bir məhdudiyyət tətbiq edilmədən, aşağıdakılar daxildir:
(a) bu Qaydalara uyğun olaraq Mərkəz tərəfindən tutulan inzibati haqlar;
(b) arbitrlərin haqları, o cümlədən sədrlik edən arbitrin, köməkçi arbitrlərin və hər hansı əvəzləyici arbitrin haqları;
(c) Arbitraj məhkəməsi tərəfindən arbitrajla əlaqədar əsaslı şəkildə çəkilmiş xərclər, o cümlədən yol xərcləri, yerləşmə xərcləri, ekspert haqları və tərcüməçilərin xidmət haqları;
(d) tətbiq olunduqda, Arbitraj məhkəməsinin katibi və ya köməkçisinin xidmət haqları;
(e) Mərkəz və ya Arbitraj məhkəməsi tərəfindən təsdiq edildiyi halda, arbitrajla əlaqədar çəkilmiş digər birbaşa xərclər;
(f) Arbitraj məhkəməsi tərəfindən bölüşdürülə bilən tərəflərin əsaslı hüquqi və digər xərcləri, o cümlədən şahidlərin, ekspertlərin və sənədlərin təqdim edilməsi ilə bağlı xərclər.
51.2. Arbitraj məhkəməsi və Mərkəz bu Qaydalara və Arbitraj sazişinə tətbiq edilən hüquqa uyğun olaraq, xərclərin hansı hissəsinin ödənilməsinin mümkün olduğunu və hansı nisbətdə ödəniləcəyini müəyyən edə bilər.
Maddə 52: Depozitlər və xərclər üzrə avans ödənişləri
52.1. Katiblik mübahisə məbləğinə uyğun olaraq hesablanmış təxmini Arbitraj xərcləri üzrə avans ödənişləri qismində ödənilməli depozitlərin məbləğini Haqlar cədvəlində müəyyən edir. Katiblik başqa cür göstəriş vermədikdə, həmin depozitlərin 50 %-i (əlli faizi) İddiaçı, 50 %-i (əlli faizi) isə Cavabdeh tərəfindən ödənilir. Katiblik hər bir tələb və ya qarşı tələb üzrə ayrıca depozit məbləği müəyyən edə bilər.
52.2. Depozitlərin ödənilməli olduğu vaxtda mübahisə məbləği müəyyən edilə bilmədikdə, Katiblik Arbitraj xərclərinin ilkin, təxmini hesablanmasını aparır və müvafiq depozitlərin ödənilməsini tələb edir. Bu təxmini hesablamaya mübahisə məbləği müəyyən edildikdən sonra və ya sonradan əldə edilən məlumatlar nəzərə alınmaqla düzəliş edilə bilər.
52.3. Katiblik başqa müddət müəyyən etmədikdə Katiblik tərəfindən bildiriş təqdim edildiyi tarixdən etibarən 14 (on dörd) gün müddətində depozitlər ödənilməlidir.
52.4. Katiblik istənilən vaxt, o cümlədən arbitraj icraatı uzadıldıqda, birləşdirildikdə və ya mürəkkəb, yaxud əlaqələndirilmiş icraatları əhatə etdikdə tərəflərə arbitrajın təxmini xərcləri üçün əlavə depozitlərin ödənilməsi barədə göstəriş verə bilər. Katiblik belə düzəliş barədə tərəfləri xəbərdar edir və təxirə salma tədbirləri görülməzdən əvvəl tərəflərə ödəniş etmək və ya münasibət bildirmək imkanını verir.
52.5. Tərəflər Arbitraj xərcləri üzrə birgə və müstəqil məsuliyyət daşıyırlar. Tərəflərdən biri Katibliyin göstəriş verdiyi hər hansı depoziti ödəmədikdə, Katiblik digər hər hansı tərəfdən həmin depoziti onun əvəzinə ödəməyi tələb edə bilər.
52.6. Tərəflərdən biri depozitləri Katibliyin göstəriş verdiyi qaydada ödəmədikdə, Katiblik aşağıdakıları tətbiq edə bilər:
(a) Arbitraj məhkəməsinə və Arbitraj Komissiyasına arbitraj icraatının aparılmasını və onun inzibati idarə olunmasını tam və ya qismən dayandırmaq barədə göstəriş verə bilər, və ya
(b) müddət müəyyən edə bilər. Həmin müddət bitdikdə müvafiq tələb və ya qarşılıqlı tələb hüquqlara xələl gətirmədən geri götürülmüş sayılır.
52.7. Bütün depozitlər Mərkəzə ödənilir və aşağıdakıların ödənilməsi üçün istifadə edilir:
(a) inzibati haqlar;
(b) arbitrlərin haqları və xərcləri;
(c) Arbitraj məhkəməsinin katibi və ya köməkçisinin xidmət haqları;
(d) arbitraj icraatı ilə əlaqədar əsaslı şəkildə çəkilmiş digər xərclər.
52.8. Tərəflərdən biri digər tərəfin əvəzinə depozitlər ödədikdə, Arbitraj məhkəməsi həmin depozitlərin geri ödənilməsi barədə qərardad və ya arbitraj qərarı çıxara bilər.
52.9. Hər hansı şübhəyə yol verməmək məqsədilə, depozitlər Katiblik tərəfindən bildiriş təqdim edildiyi tarixdən etibarən 14 (on dörd) gün müddətində ödənilməlidir və müvafiq tələb və ya qarşı tələb üzrə ilkin depozit alındıqdan sonra arbitraj icraatı həmin tələb və ya qarşı tələb üzrə başlanmış sayılır.
52.10. Bakı Arbitraj Mərkəzi yekun arbitraj qərarını təqdim edərkən tərəflərə Bakı Arbitraj Mərkəzi tərəfindən qəbul edilmiş depozitlər barədə hesabat təqdim edir. İstifadə edilməmiş qalıq məbləğ Bakı Arbitraj Mərkəzinə tərəflər tərəfindən ödənildiyi paylarda, yaxud Arbitraj məhkəməsinin göstəriş verdiyi qaydada tərəflərə qaytarılır.
Maddə 53: Xərclər barədə Arbitraj məhkəməsinin qərarı
53.1. Arbitraj xərcləri bir qayda olaraq mübahisədə uduzan tərəf və ya tərəflər tərəfindən ödənilir. Bununla belə, Arbitraj məhkəməsi belə bölüşdürməni əsaslı hesab etdikdə, tərəflərin ağlabatan mövqelərini və davranışlarını, xərclər barədə tərəflər arasında hər hansı razılaşmanı, digər əlaqədar amilləri, o cümlədən hər bir tərəfin arbitraj icraatını operativ və xərclərə qənaət etməklə aparması dərəcəsini nəzərə almaqla, həmin xərclərin hər birini tərəflər arasında bölüşdürə bilər.
53.2. Arbitraj məhkəməsi yekun arbitraj qərarında və ya məqsədəuyğun hesab etdikdə hər hansı digər arbitraj qərarında, xərclərin bölüşdürülməsi barədə qərara əsasən, hər hansı tərəfin digər tərəfə ödəməli ola biləcəyi məbləği müəyyən edir.
53.3. Arbitraj məhkəməsi xərclər üzrə təyin edilmiş məbləğlərə, arbitraj qərarının tarixindən ödənişədək, əsaslı hesab etdiyi dərəcə üzrə faiz hesablanmasını müəyyən edə bilər.
53.4. Bütün tələblər geri götürüldükdə və ya yekun arbitraj qərarı çıxarılmamışdan əvvəl arbitraj icraatına xitam verildikdə, Arbitraj Komissiyası arbitrlərin haqlarını və xərclərini, habelə Bakı Arbitraj Mərkəzinin inzibati xərclərini müəyyən edir. Tərəflər Arbitraj xərclərinin bölüşdürülməsi və ya xərclərlə bağlı digər aidiyyəti məsələlər üzrə razılığa gəlməmişdirsə, həmin məsələlər Arbitraj məhkəməsi tərəfindən həll edilir. Belə geri götürmə və ya xitam verilmə vaxtı Arbitraj məhkəməsi hələ təşkil olunmamışdırsa, hər hansı tərəf xərclər barədə qərar qəbul edilməsi üçün Arbitraj Komissiyasına müraciət edə bilər.
IX BÖLMƏ: DİGƏR MÜDDƏALAR
Maddə 54: Məsuliyyətdən azadolma
54.1. Qəsdən törədilmiş qanunazidd hərəkət halları istisna olmaqla, tərəflər tətbiq edilən hüquqa əsasən yol verilən ən geniş həddə arbitrlərə, Arbitraj Komissiyasına, Direktorlar Şurasına, Katibliyə, Bakı Arbitraj Mərkəzinin Katibliyinin digər əməkdaşlarına, Arbitraj məhkəməsi tərəfindən təyin edilmiş ekspertə və ya Arbitraj məhkəməsinin katibinə qarşı hər hansı tələbdən imtina edirlər.
54.2. Tərəflər razılaşır ki, Bakı Arbitraj Mərkəzi, o cümlədən onun əməkdaşları, Direktorlar Şurasının üzvləri, Arbitraj Komissiyasının üzvləri, Katiblik, hər hansı Arbitraj məhkəməsinin hər hansı üzvü, hər hansı təcili arbitr və Arbitraj məhkəməsi tərəfindən təyin edilmiş hər hansı şəxs, o cümlədən Arbitraj məhkəməsinin katibi və ya Arbitraj məhkəməsi tərəfindən təyin edilmiş ekspert, bu Qaydalara uyğun olaraq Bakı Arbitraj Mərkəzi tərəfindən idarə olunan hər hansı arbitrajla əlaqədar heç bir bəyanat və ya hər hansı sübut vermək öhdəliyi daşımır. Heç bir tərəf yuxarıda göstərilən şəxsləri və ya qurumları arbitrajla bağlı hər hansı məhkəmə, arbitraj, inzibati və ya digər icraatlarda tərəf və ya şahid qismində məcbur qaydada cəlb etməyə, çağırmağa, işə daxil etməyə, məhkəmə çağırışı və ya tələbnamə ilə cəlb etməyə, yaxud digər qaydada prosesə cəlb etməyə cəhd göstərməməlidir.
Maddə 55: Məxfilik
55.1. Tərəflər başqa cür razılaşmadıqda, arbitraj icraatı məxfidir. Məxfilik tələbi tərəflərə və tərəfin hər hansı nümayəndəsinə, şahidə və ya ekspertə, üçüncü tərəf maliyyələşdiricisinə, Arbitraj məhkəməsinin üzvlərinə və təcili arbitrə, Arbitraj məhkəməsi tərəfindən təyin edilmiş hər hansı şəxsə, o cümlədən Arbitraj məhkəməsinin katibinə, habelə Bakı Arbitraj Mərkəzinə şamil edilir.
55.2. Məxfilik açıqlanması tələb oluna və ya zəruri ola bilən aşağıdakı hallar istisna olmaqla, arbitrajın mövcudluğunu, arbitraj icraatı çərçivəsində təqdim edilən iddia sənədlərini, sübutları, təqdimatları, tərəflər tərəfindən təqdim edilmiş digər materialları və yazışmaları, habelə hər hansı arbitraj qərarını, qərarı və ya qərardadı əhatə edir:
(a) qanuni hüququn və ya tələbin qorunması və ya həyata keçirilməsi;
(b) dövlət məhkəməsində aparılan məhkəmə icraatında arbitraj qərarının icra etdirilməsi və ya ona etiraz edilməsi;
(c) tərəflərə lazımi qaydada bildiriş verilməklə, tərəfin ərizəsi əsasında Arbitraj məhkəməsinin verdiyi qərardada uyğun olaraq açıqlanması.
55.3. Arbitraj məhkəməsi tətbiq edilən hüquqa uyğun olaraq və ya tərəflərin razılaşmasına əsasən, bu Qaydalar üzrə tərəflərin məxfilik öhdəliklərinə əməl etməsini təmin etmək səlahiyyətinə malikdir. O, sanksiyalar, zərərin ödənilməsi və ya xərclər barədə qərardad və ya arbitraj qərarı çıxara, həmçinin kommersiya sirrini və arbitraj icraatı ilə əlaqədar digər məxfi məlumatları qorumaq üçün tədbirlər görə bilər.
55.4. Arbitraj məhkəməsinin müşavirələri məxfidir.
55.5. Bakı Arbitraj Mərkəzi hər hansı arbitraj qərarını tam mətn kimi, yaxud çıxarış və ya xülasə formasında yalnız aşağıdakı şərtlərlə dərc edə bilər:
(a) tərəflərin şəxsiyyətini təsdiq edən bütün istinadlar çıxarıldıqda;
(b) Bakı Arbitraj Mərkəzi tərəfindən həmin məqsəd üçün müəyyən edilmiş müddət ərzində heç bir tərəf bu dərcə etiraz etmədikdə.
Maddə 56: Etiraz etmək hüququndan imtina
56.1. Tərəf bu Qaydaların hər hansı müddəasına, tərəflər arasında bağlanmış hər hansı razılaşmaya (o cümlədən Arbitraj məhkəməsinin təşkil olunmasına və ya icraatın aparılmasına dair hər hansı razılaşmaya), tətbiq edilən hər hansı prosessual qaydaya, yaxud arbitraj icraatı çərçivəsində verilmiş hər hansı göstərişə əməl edilmədiyini bildiyi, yaxud ağlabatan olaraq bunu bilməli olduğu halda buna baxmayaraq bu Qaydalarda nəzərdə tutulmuş müvafiq müddət ərzində etirazını yazılı şəkildə bildirmədikdə, həmin müddət bu Qaydalarda nəzərdə tutulmamışdırsa, bu barədə məlumat əldə etdiyi tarixdən etibarən 15 (on beş) gün müddətində etirazını yazılı şəkildə bildirmədikdə etiraz etmək hüququndan birdəfəlik imtina etmiş sayılır.
Maddə 57: Tətbiq edilən hüquq və mübahisələrin həlli
57.1. Bu Qaydalara uyğun olaraq arbitraj icraatının idarə edilməsi ilə əlaqədar olaraq Arbitraj məhkəməsinə qarşı irəli sürülən, yaxud bununla əlaqədar olan hər hansı tələblərə Azərbaycan Respublikasının hüququ tətbiq edilir və həmin tələblər üzrə mübahisələr müstəsna səlahiyyətə malik Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
Maddə 58: Məlumat təhlükəsizliyi və məxfilik
58.1. Arbitraj icraatı başlandıqdan sonra mümkün olan ən qısa müddətdə, hər hansı tərəf arbitrajla əlaqədar paylaşılan, saxlanılan və ya emal edilən məlumatların qorunması üçün əsaslı tədbirlərin görülməsini təklif edə və bu tədbirlər üzrə razılığın əldə edilməsinə çalışa bilər. Belə tədbirlərə, hər hansı bir məhdudiyyət tətbiq edilmədən, məxfi sənədlərin idarə olunması üzrə protokollar, kibertəhlükəsizlik tədbirləri, təhlükəsiz kommunikasiya kanalları və məlumatların saxlanılması prosedurları daxil ola bilər.
58.2. Arbitraj məhkəməsi işin idarə olunması üzrə ilk iclasında və icraatın digər məqsədəuyğun mərhələlərində tərəflərlə təklif edilmiş və ya razılaşdırılmış məlumat təhlükəsizliyi tədbirlərini müzakirə edir. Arbitraj məhkəməsi tərəflərin mövqelərini nəzərə alaraq, işin hallarını və məlumat təhlükəsizliyi üzrə ən qabaqcıl təcrübələri, o cümlədən kibertəhlükəsizlik və kiberdavamlılıq məsələlərini nəzərə almaqla, həmin tədbirlərin tətbiq edilməsi və ya onlara düzəliş edilməsi üçün göstərişlər verə bilər.
58.3. Arbitraj məhkəməsi qəbul edilmiş tədbirlərin arbitraj icraatının məxfilik öhdəlikləri və tətbiq edilən fərdi məlumatların mühafizəsi qanunvericiliyi ilə uyğunluğunu təmin edir. Arbitraj məhkəməsi tərəflərdən bu tədbirlərə əməl etməyi tələb edə bilər və əməl edilməməsi müvafiq sanksiyalara, o cümlədən, lakin hər hansı bir məhdudiyyət tətbiq edilmədən xərclər, zərərin ödənilməsi və ya prosessual tədbirlərin görülməsinə səbəb ola bilər.
58.4. Qanunla, səlahiyyətli qurumun aktı ilə, yaxud tərəflərin razılaşması ilə başqa hal tələb edilmədikdə, bütün tərəflər və Arbitraj məhkəməsi arbitraj icraatı zamanı əldə edilmiş məlumatların, o cümlədən sənədlərin, elektron yazışmaların və ekspert rəylərinin məxfiliyini və təhlükəsizliyini qorumaq üçün əsaslı tədbirlər görürlər.
58.5. Arbitraj məhkəməsi məlumat təhlükəsizliyi tədbirlərinin icrası və onlara nəzarətlə bağlı funksiyaları Arbitraj məhkəməsinin katibinə, informasiya texnologiyaları işçilərinə və ya digər ixtisaslı köməkçilərə həvalə edə bilər, bir şərtlə ki, belə həvalə Arbitraj məhkəməsini bu tədbirlərə əməl edilməsi üzrə yekun məsuliyyətdən azad etmir.
I ƏLAVƏ: BAKI ARBİTRAJ MƏRKƏZİNİN ARBİTRAJ KOMİSSİYASININ, ARBİTRAJ KOMİSSİYASI KATİBLİYİNİN VƏ DİREKTORLAR ŞURASININ STRUKTURU VƏ FUNKSİONAL PROSEDURLARI
1. Arbitraj Komissiyası
1.1. Bakı Arbitraj Mərkəzinin Arbitraj Komissiyası Mərkəzin Direktorlar Şurası tərəfindən təyin edilən təcrübəli arbitrlər qrupundan ibarətdir. Arbitraj Komissiyasının üzvləri beynəlxalq arbitraj sahəsindəki səriştələrinə, dürüstlüklərinə və təcrübələrinə əsasən seçilirlər.
1.2. Səlahiyyət müddəti və onun uzadılması
Arbitraj Komissiyasının üzvləri üç il müddətinə seçilir. Fəaliyyətləri qənaətbəxş olduqda və bu Əlavədə müəyyən edilmiş uyğunluq meyarlarına cavab verdikdə, onların səlahiyyət müddəti uzadıla bilər.
1.3. Vəzifə və funksiyalar
Arbitraj Komissiyası aşağıdakıları həyata keçirir:
(a) Bakı Arbitraj Mərkəzinin Qaydalarına uyğun olaraq arbitraj icraatının aparılmasına nəzarət edir;
(b) Tərəflər arbitr təyinatı barədə razılığa gəlmədikdə və ya arbitrlərin əvəz edilməsi tələb olunan hallarda arbitrləri təyin edir;
(c) Arbitraj tərəfindən çıxarılmış qərarı nəzərdən keçirir və təsdiq edir, onun Bakı Arbitraj Mərkəzinin Qaydalarına və prosessual bərabərlik prinsiplərinə uyğunluğunu təmin edir;
(d) Müvafiq hallarda işlərin birləşdirilməsi, tərəflərin prosesə cəlb edilməsi (qoşulma) və icraatın əlaqələndirilməsi daxil olmaqla, prosessual məsələlər üzrə qərarlar qəbul edir;
(e) İnzibati siyasətləri, Rüsumlar cədvəlini və arbitraj icraatının idarə edilməsinə dair rəhbər göstərişləri müəyyən və təsdiq edir;
(f) Konfidensiallığı və lazımi arxivləşdirməni təmin etməklə, bütün icraatların kargüzarlığını aparır.
1.4. Qərarların qəbul edilməsi qaydası
Arbitraj Komissiyasının qərarları onun üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Təxirəsalınmaz hallarda, Arbitraj Komissiyasının Sədri müvəqqəti tədbirlər görə bilər; bu şərtlə ki, həmin tədbirlər ilk fürsətdə Komissiyanın tam tərkibi tərəfindən ratifikasiya edilsin (təsdiqlənsin).
1.5. Konfidensiallıq və qərəzsizlik
Arbitraj Komissiyasının üzvləri arbitraj prosesinin bütün aspektləri ilə bağlı ciddi məxfiliyi qorumalı, öz vəzifələrini qərəzsiz və müstəqil şəkildə yerinə yetirməlidirlər.
2. Bakı Arbitraj Mərkəzinin Katibliyi
2.1. Rolu və funksiyası
Katiblik Bakı Arbitraj Mərkəzinin inzibati orqanı kimi fəaliyyət göstərir, arbitraj icraatının aparılmasında Arbitraj Komissiyasına və Arbitraj məhkəmələrinə köməklik edir. Onun funksiyalarına aşağıdakılar daxildir:
(a) Arbitraj bildirişlərinin və cavabların qəbulu və nəzərdən keçirilməsi;
(b) Tərəflər, Arbitraj məhkəməsi və Arbitraj Komissiyası arasında kommunikasiyanın təşkili;
(c) Arbitrlərin təyin edilməsinə və prosessual müddətlərə riayət olunmasına köməkliyin göstərilməsi;
(d) Bakı Arbitraj Mərkəzinin Qaydalarına uyğun olaraq depozitlərin, avansların, rüsumların və xərclərin ödənilməsinin idarə edilməsi;
(e) Bütün arbitraj icraatlarının dəqiq qeydiyyatının və arxivinin aparılması;
(f) Dinləmələr, işin idarə edilməsi üzrə müşavirələr və digər prosessual tədbirlər üçün istiqamətləndirici dəstəyin təmin edilməsi.
2.2. Müstəqillik və hesabatlılıq
Katiblik Arbitraj Komissiyasının nəzarəti altında fəaliyyət göstərir, lakin işlərin inzibati idarə olunmasında əməliyyat müstəqilliyinə malikdir. Şəffaflığı və hesabatlılığı təmin etmək üçün Katibliyin bütün hərəkətləri barədə Arbitraj Komissiyasına hesabat verilir.
2.3. Konfidensiallıq
Katibliyin bütün üzvləri və heyəti Bakı Arbitraj Mərkəzinin Qaydalarına uyğun olaraq, icraat və Katiblik tərəfindən işlənilən məlumatlarla bağlı ciddi məxfiliyi qorumalıdırlar.
2.4. Səlahiyyətlərin ötürülməsi
Katiblik inzibati vəzifələrin icrasını ixtisaslı heyətə və ya kənar xidmət təchizatçılarına həvalə edə bilər, bu şərtlə ki, belə səlahiyyət vermə arbitraj icraatının prosessual bütövlüyünə və ya konfidensiallığına xələl gətirməsin.
3. Arbitraj Komissiyası və Katiblik arasında koordinasiya
3.1. Qərarların icrası
Katiblik Arbitraj Komissiyası və ya Arbitraj məhkəməsi tərəfindən qəbul edilmiş prosessual qərarları, göstərişləri və sərəncamları icra edir, onların vaxtında kommunikasiyasını və yerinə yetirilməsini təmin edir.
3.2. Hesabatlılıq və məsləhətləşmələr
Katiblik davam edən arbitraj icraatlarının vəziyyəti, baxılmaqda olan vəsatətlər və Komissiyanın diqqətini tələb edən inzibati məsələlər barədə müntəzəm olaraq Arbitraj Komissiyasına hesabat verir.
3.3. İşin idarə edilməsində dəstək
Katiblik işin idarə edilməsi üzrə müşavirələr, çoxtərəfli və ya çoxmüqaviləli arbitraj icraatlarının əlaqələndirilməsi və Arbitraj Komissiyası və ya Arbitraj məhkəməsi tərəfindən müəyyən edilmiş prosessual səmərəlilik tədbirləri üçün texniki və inzibati dəstəyi təmin edir.
4. Bakı Arbitraj Mərkəzinin Direktorlar Şurası
4.1. Tərkibi
4.1.1. Bakı Arbitraj Mərkəzinə Mərkəzin ali idarəetmə orqanı olan Direktorlar Şurası tərəfindən idarə və rəhbərlik edilir.
4.1.2. Direktorlar Şurası, Direktorlar Şurasının Prezidenti istisna olmaqla, hüquq, beynəlxalq arbitraj, biznes və ya müvafiq peşə sahələrində təcrübəsinə görə təyin edilmiş azı beş üzvdən ibarətdir.
4.1.3. Beynəlxalq nüfuzu və neytrallığı təmin etmək üçün Şuraya müxtəlif millətlərdən və hüquq sistemlərindən olan şəxslər daxil edilə bilər.
4.2. Təyinat və səlahiyyət müddəti
4.2.1. Direktorlar Şurasının üzvləri Bakı Arbitraj Mərkəzinin təsisçisi və ya payçıları tərəfindən, yaxud daxili qaydalara uyğun olaraq mövcud Şura tərəfindən təyin edilir.
4.2.2. Direktorlar 3 (üç) il müddətinə təyin olunurlar; fəaliyyətləri qənaətbəxş olduqda və Mərkəz tərəfindən müəyyən edilmiş uyğunluq meyarlarına cavab verdikdə, onların səlahiyyət müddəti uzadıla bilər.
4.2.3. Şura öz üzvləri arasından bir Prezident və zərurət olduqda bir Vitse-prezident təyin edir. Prezident 5 (beş) il müddətinə seçilir və yenidən təyin edilə bilər.
5. Şuranın vəzifə və səlahiyyətləri
5.1. Direktorlar Şurası aşağıdakıları həyata keçirir:
(a) Bakı Arbitraj Mərkəzinin strateji istiqamətini, missiyasını və siyasətini müəyyən edir;
(b) Bakı Arbitraj Mərkəzinin Qaydalarının, prosedurlarının və onlara edilən düzəlişlərin qəbulunu təsdiq edir və buna nəzarət edir;
(c) Arbitraj Komissiyasının üzvlərini təyin edir və onların fəaliyyətinə nəzarət edir;
(d) Mərkəzin büdcəsini, rüsumlarını və maliyyə siyasətini təsdiq edir;
(e) Müvafiq qanunlara və qaydalara, o cümlədən korporativ idarəetmə tələblərinə riayət olunmasını təmin edir;
(f) İnzibati, maliyyə və siyasət məsələlərində kömək göstərmək üçün daxili komitələr və ya işçi qruplar yaradır;
(g) Bakı Arbitraj Mərkəzinin nüfuzunu və beynəlxalq səviyyədə tanınmasını təşviq edir;
(h) Mərkəzin illik hesabatını, maliyyə hesabatlarını və audit rəylərini təsdiq edir.
6. Direktorlar Şurası Prezidentinin rolu və səlahiyyətləri
6.1. Direktorlar Şurasının Prezidenti aşağıdakıları həyata keçirir:
(a) Direktorlar Şurasının iclaslarına sədrlik edir;
(b) Şuranın işini əlaqələndirir və onun qərarlarının vaxtında icrasını təmin edir;
(c) Bakı Arbitraj Mərkəzini xaricdə, o cümlədən beynəlxalq forumlarda və maraqlı tərəflərlə münasibətlərdə təmsil edir;
(d) Şuranın qərarları qəbul edilərkən səslər bərabər bölündükdə, həlledici səs hüququna malikdir;
(e) Arbitraj məhkəməsinin müstəqilliyinə müdaxilə etmədən, strateji və inzibati məsələlər üzrə Arbitraj Komissiyasına və Katibliyə istiqamət verir.
6.2. Prezident olmadıqda və ya vəzifəsini icra edə bilmədikdə, Vitse-prezident onu əvəz edir.
7. İclaslar və qərarların qəbulu
7.1. Şura ildə azı iki dəfə və ya zərurət yarandıqda daha tez-tez toplanır.
7.2. Nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, Şuranın qərarları iclasda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
7.3. Bütün iclasların protokolları tərtib edilir və təhlükəsiz şəkildə arxivləşdirilir.
8. Konfidensiallıq və müstəqillik
8.1. Şura üzvləri Bakı Arbitraj Mərkəzinin fəaliyyəti, mübahisələr və daxili məsələlərlə bağlı ciddi məxfiliyi qorumalıdır.
8.2. Üzvlər müstəqil, vicdanla hərəkət etməli və Mərkəzin dürüstlüyünə və ya qərəzsizliyinə xələl gətirə biləcək hər hansı maraqlar toqquşmasından qaçmalıdır.
9. Yekun müddəalar
9.1. Düzəlişlər
Arbitraj Komissiyasının və Katibliyin strukturu və funksional prosedurları, Arbitraj Komissiyasının tövsiyələri əsasında Bakı Arbitraj Mərkəzinin Direktorlar Şurası tərəfindən dəyişdirilə bilər.
9.2. Qüvvəyə minmə
Bu müddəalar Direktorlar Şurası tərəfindən qəbul edildiyi andan qüvvəyə minir və Bakı Arbitraj Mərkəzi tərəfindən idarə olunan bütün cari və gələcək arbitraj icraatlarına şamil edilir.
II ƏLAVƏ: ARBİTRAJ XƏRCLƏRİ VƏ RÜSUMLARI
1. Rüsumlar cədvəli və hesablanması
1.1. Bakı Arbitraj Mərkəzi rəsmi qaydada dərc edilən və vaxtaşırı yenilənən Rüsumlar cədvəlini hazırlayır. Rüsumlar cədvəlində aşağıdakılar müəyyən edilir:
(a) Mübahisənin predmeti olan iddianın qiymətinə uyğun olaraq inzibati rüsumlar;
(b) Arbitraj məhkəməsi, o cümlədən sədrlik edən və köməkçi arbitrlər üçün qonorarlar;
(c) Arbitraj məhkəməsinin katibləri və ya köməkçiləri üçün ödənişlər;
(d) İnzibati və ya prosessual xidmətlər üçün əsaslı hesab edilən hər hansı digər ödənişlər.
1.2. Çoxsaylı tələblər, qarşılıqlı iddialar, eyni tərəflərin qarşılıqlı iddiaları, tərəflərin prosesə cəlb edilməsi və ya icraatların birləşdirilməsini nəzərdə tutan arbitraj icraatları üçün Katiblik işin mürəkkəbliyini nəzərə alaraq düzəliş edilmiş rüsumlar müəyyən edə bilər.
1.3. Mübahisənin predmeti olan iddianın qiymətini ilkin mərhələdə müəyyən etmək mümkün olmadıqda, Katiblik rüsumların ilkin smetasını müəyyən edə bilər ki, bu da əlavə məlumatlar əldə edildikcə yenilənə bilər.
2. Ödəniş qaydası və kargüzarlıq
2.1. Katiblik ödənilməli olan rüsumları, ödəniş müddətini və üsulunu göstərən bildirişlər göndərir.
2.2. Bakı Arbitraj Mərkəzi bütün ödənişlərin, depozitlərin və düzəlişlərin məxfi qeydiyyatını aparır.
2.3. Əgər tərəflərdən biri rüsumları digər tərəfin əvəzinə ödəyərsə, Arbitraj məhkəməsi həmin ödənişlərin kompensasiya edilməsi barədə qərar çıxara bilər.
2.4. Arbitraj icraatı başa çatdıqdan sonra Bakı Arbitraj Mərkəzi tərəflərə tətbiq edilmiş rüsum və depozitlərin yekun hesabatını, o cümlədən ödənilməli olan borc qalığını və ya geri qaytarılacaq məbləği təqdim edir.
3. Xüsusi hallarda edilən düzəlişlər
3.1. Katiblik aşağıdakı hallarda rüsumlara yenidən baxa bilər:
(a) İcraat müddəti uzadıldıqda;
(b) Arbitraj icraatları birləşdirildikdə və ya əlaqələndirildikdə;
(c) Əlavə arbitrlər, ekspertlər və ya köməkçilər təyin edildikdə;
(d) Əhəmiyyətli resurslar tələb edən prosessual və ya inzibati tədbirlər görüldükdə.
3.2. Hər hansı düzəliş tərəflərə bildirilməli və onlara hər hansı prosessual nəticə tətbiq edilməzdən əvvəl cavab vermək və ya ödənişi icra etmək imkanı verilməlidir.
4. Şəffaflıq və hesabatlılıq
4.1. Bakı Arbitraj Mərkəzi tərəflərin və mübahisələrin konfidensiallığını qorumaqla, həyata keçirilən arbitrajlar üzrə ümumiləşdirilmiş statistik hesabatlar, o cümlədən rüsum və depozitlərin diapazonlarını təqdim edə bilər.
4.2. Katiblik istifadə olunmamış depozitlərin idarə edilməsi, mühasibat uçotu və daxili-xarici nəzarət üçün hesabat fəaliyyətinə dair təlimatlar qəbul edə bilər.
5. Ərizənin təqdim edilməsi üçün rüsum
5.1. Bu Qaydalara uyğun olaraq təqdim edilən hər bir Arbitraj bildirişinə (iddia ərizəsinə) 500 ABŞ dolları məbləğində geri qaytarılmayan ərizənin təqdim edilməsi üçün rüsum əlavə edilməlidir.
5.2. Ərizənin təqdim edilməsi üçün rüsum arbitraj icraatının inzibati xərclərinə daxil edilir və heç bir halda geri qaytarılmır.
6. İnzibati xərclər
6.1. İnzibati xərclər Mərkəz və Katiblik tərəfindən arbitraj icraatının idarə edilməsi, o cümlədən arbitrlərin təyin edilməsi, depozitlərin maliyyə idarəçiliyi və icraat boyu inzibati dəstək üzrə göstərilən xidmətləri əhatə edir.
6.2. İnzibati xərclər aşağıdakı inzibati xərclər cədvəlinə uyğun olaraq iddianın qiyməti əsasında hesablanır.
6.3. Arbitraj Komissiyası müstəsna hallar əsaslı olduqda inzibati xərclər cədvəlində göstəriləndən daha yüksək və ya aşağı məbləğdə müəyyən edə bilər.
7. Arbitrlərin qonorarları
7.1. Arbitrlərin qonorarları onların arbitraj icraatında göstərdiyi bütün peşəkar xidmətləri, o cümlədən iş materiallarının öyrənilməsini, dinləmələrdə iştirakı, müşavirələri və qərarların layihələrinin hazırlanmasını əhatə edir.
7.2. Arbitraj məhkəməsinin qonorarları aşağıdakı arbitrlərin qonorarları cədvəlinə uyğun olaraq Arbitraj Komissiyası tərəfindən müəyyən edilir.
7.3. Arbitraj Komissiyası mübahisənin mürəkkəbliyini, arbitrlərin səmərəliliyini və sərf olunan vaxtı nəzərə alaraq qonorarları tətbiq olunan diapazon daxilində müəyyən edir.
7.4. Arbitraj Komissiyası müstəsna hallarda bu cədvəldə müəyyən edilmiş yuxarı hədləri aşa bilər.
8. Xərclər
8.1. Qonorarlarla yanaşı, arbitrlərin səyahət, yaşayış, yemək və arbitraj icraatı ilə birbaşa bağlı olan ağlabatan xərcləri də ödənilir.
8.2. Xərclər Bakı Arbitraj Mərkəzinin daxili maliyyə qaydalarına uyğun olaraq təsdiqedici sənədlər əsasında kompensasiya edilir.
9. Ödənişlər və uçot
9.1. Bütün depozitlər, rüsumlar və xərclər Bakı Arbitraj Mərkəzinə ödənilir və Mərkəz tərəfindən saxlanılır. Bakı Arbitraj Mərkəzi həmin məbləğləri bu Qaydalara əsasən idarə edir və ödənişini təmin edir.
9.2. Arbitraj icraatı başa çatdıqda, Mərkəz daxil olan depozitlər üzrə hesabat aparır və onları inzibati xərclərin, arbitr qonorarlarının və xərclərin ödənilməsinə yönəldir.
9.3. İstifadə olunmamış hər hansı qalıq vəsait tərəflərin ödəniş nisbətinə uyğun olaraq və ya Arbitraj məhkəməsinin müəyyən etdiyi qaydada geri qaytarılır.
10. Valyuta və konversiya
10.1. Bu Əlavədə göstərilən bütün məbləğlər ABŞ dolları ilə ifadə edilmişdir.
10.2. Arbitraj icraatı başqa valyutada başlanarsa, tətbiq olunan ekvivalent Arbitraj bildirişinin təqdim edildiyi tarixdəki rəsmi məzənnə ilə hesablanır.
10.3. Mərkəz zərurət olduqda Azərbaycan manatı (AZN) və ya digər valyutalarda hesablar aça bilər.
III ƏLAVƏ: TƏCİLİ ARBİTRAJ QAYDALARI
1. Təxirəsalınmaz tədbirlərin görülməsi haqqında vəsatət
1.1. Arbitraj məhkəməsi təşkil olunana qədər gözlənilməsi mümkün olmayan təxirəsalınmaz müvəqqəti təminat və ya müdafiə tədbirlərinin (“Təcili Tədbirlər”) görülməsini istəyən tərəf, bu Qaydaların III Əlavə-yə uyğun olaraq Bakı Arbitraj Mərkəzinin Katibliyinə təxirəsalınmaz tədbirlərin görülməsi haqqında vəsatət (“Vəsatət”) təqdim edə bilər.
1.2. Vəsatət elektron qaydada və ya kağız daşıyıcıda tələb olunduqda, hər bir tərəf üçün bir nüsxə, təcili arbitr üçün bir nüsxə və Katiblik üçün bir nüsxə olmaqla kifayət qədər sayda nüsxədə təqdim edilməlidir.
1.3. Vəsatətdə aşağıdakı məlumatlar əks olunmalıdır:
(a) hər bir tərəfin tam adı, təsviri, ünvanı və əlaqə məlumatları;
(b) ərizəçinin hər hansı nümayəndəsinin adı, ünvanı və əlaqə məlumatları;
(c) Vəsatətin verilməsinə səbəb olan halların və Arbitraj məhkəməsinə təqdim edilmiş və ya təqdim ediləcək əsas mübahisənin qısa təsviri;
(d) tələb olunan Təcili Tədbirlər barədə bəyanat;
(e) bu növ tədbirlərin görülməsinin nə üçün təxirəsalınmaz xarakter daşıdığı və Arbitraj məhkəməsinin təşkilini gözləməyin mümkün olmamasının səbəbləri;
(f) Arbitraj sazişi də daxil olmaqla, hər hansı müvafiq müqavilənin (müqavilələrin) surəti;
(g) arbitrajın yeri, tətbiq edilən hüquq və ya icraatın dili barədə hər hansı razılaşma;
(h) bu Əlavənin 7-ci maddəsində nəzərdə tutulmuş təcili arbitraj üçün müraciət haqqının və depozitin ödənilməsini təsdiq edən sənəd;
(i) əsas mübahisə ilə bağlı artıq verilmiş hər hansı Arbitraj bildirişi və ya əlaqədar sənədlər.
Vəsatət ərizəçinin müvafiq hesab etdiyi hər hansı əlavə sənəd və ya məlumatla müşayiət oluna bilər.
1.4. Vəsatət tərəflər arasında razılaşdırılmış dildə, belə razılaşma olmadıqda isə Arbitraj sazişinin dilində tərtib edilməlidir.
1.5. Vəsatət daxil olduqdan sonra, Arbitraj Komissiyasının Sədri təqdim edilmiş məlumatlar əsasında Təcili arbitr müddəalarının tətbiq olunub-olunmadığını müəyyən edir. Tətbiq olunduğu təqdirdə, Katiblik Vəsatətin və ona əlavə edilmiş sənədlərin surətini Cavabdeh tərəfə (tərəflərə) göndərir. Sədr əksini müəyyən edərsə, Katiblik tərəflərə təcili icraatın davam etdirilməyəcəyi barədə məlumat verir və Vəsatəti yalnız məlumat məqsədilə qarşı tərəfə ötürür.
1.6. Katiblik Vəsatətin verildiyi tarixdən 10 (on) gün müddətində ərizəçinin Arbitraj bildirişini almazsa, təcili arbitr başqa cür göstəriş vermədiyi təqdirdə, Arbitraj Komissiyasının Sədri təcili icraata xitam verir.
2. Təcili arbitrin təyin edilməsi və işin ötürülməsi
2.1. Arbitraj Komissiyasının Sədri Vəsatətin Katibliyə daxil olduğu tarixdən etibarən, bir qayda olaraq, 2 (iki) gün ərzində təcili arbitri təyin edir.
2.2. İş Arbitraj məhkəməsinə ötürüldükdən sonra heç bir təcili arbitr təyin edilə bilməz. İş ötürülənədək təyin edilmiş təcili arbitr bu Qaydalarla müəyyən edilmiş müddət ərzində sərəncam çıxarmaq səlahiyyətini saxlayır.
2.3. Təyinatdan sonra Katiblik tərəfləri məlumatlandırır və iş materiallarını təcili arbitrə ötürür. Bundan sonra bütün yazılı müraciətlərin surətləri digər tərəflərə və Katibliyə göndərilməklə birbaşa təcili arbitrə ünvanlanmalıdır.
2.4. Hər bir təcili arbitr qərəzsiz və müstəqil olmalı və bu keyfiyyətlərini qorumalıdır. Təyinatdan əvvəl hər bir namizəd Katiblik tərəfindən tərəflərə təqdim olunan razılıq, əlçatanlıq, qərəzsizlik və müstəqillik bəyanatını imzalamalıdır.
2.5. Təcili arbitr eyni mübahisə ilə bağlı hər hansı sonrakı arbitraj icraatında arbitr kimi çıxış edə bilməz.
3. Təcili arbitrə etiraz edilməsi
3.1. Təcili arbitrə etiraz təyinat barədə bildirişin alındığı tarixdən və ya etiraza əsas verən halların məlum olduğu tarixdən (hansı daha gecdirsə) 3 (üç) gün ərzində edilməlidir.
3.2. Etiraz üzrə qərar təcili arbitrə və digər tərəfə (tərəflərə) ağlabatan müddətdə yazılı mülahizələrini bildirmək imkanı verildikdən sonra Arbitraj Komissiyası tərəfindən qəbul edilir.
4. Təcili arbitraj icraatının yeri
4.1. Tərəflər arbitrajın yeri barədə razılığa gəliblərsə, həmin yer həm də təcili arbitraj icraatının yeri hesab olunur.
Belə razılaşma olmadıqda, Arbitraj məhkəməsinin sonrakı qərarına xələl gətirmədən, yeri Arbitraj Komissiyasının Sədri müəyyən edir.
4.2. Təcili arbitr iclasları əyani və ya videokonfrans daxil olmaqla elektron vasitələrlə keçirə bilər.
5. İcraatın aparılması
5.1. Təcili arbitr iş materiallarını aldıqdan sonra, bir qayda olaraq, 2 (iki) gün ərzində prosessual vaxt cədvəlini müəyyən edir.
5.2. Arbitr Vəsatətin təcililiyini və xarakterini nəzərə alaraq, tərəflərin bərabərliyini və hər bir tərəfin öz mövqeyini təqdim etmək üçün ağlabatan imkana malik olmasını təmin etməklə icraatı müvafiq hesab etdiyi qaydada aparır.
6. Təcili arbitrin sərəncamı
6.1. Təcili arbitrin qərarı sərəncam formasında qəbul edilir.
6.2. Arbitr Vəsatətin qəbul edilən olmasını və Təcili Tədbirlər barədə sərəncam vermək səlahiyyətini müəyyən edir.
6.3. Sərəncam yazılı formada olmalı, əsaslandırılmalı, ona tarix qoyulmalı və arbitr tərəfindən imzalanmalıdır.
6.4. Sərəncam Arbitraj Komissiyasının Sədri tərəfindən əsaslı səbəblərə görə uzadılmadığı təqdirdə, müəyyən edilmiş müddət ərzində çıxarılmalıdır.
6.5. Təcili arbitr sərəncamın dərhal çatdırılmasını təmin edən istənilən vasitəylə tərəflərə və Katibliyə çatdırılmalıdır.
6.6. Sərəncam aşağıdakı hallarda məcburiliyini itirir:
(a) Sədr təcili icraata xitam verdikdə;
(b) Təcili arbitrə qarşı etiraz təmin edildikdə;
(c) Arbitraj məhkəməsi tərəfindən yekun qərar çıxarıldıqda (əgər həmin Arbitraj məhkəməsi başqa cür qərara almayıbsa);
(d) arbitraj icraatından imtina edildikdə və ya ona xitam verildikdə.
6.7. Təcili arbitr sərəncamı müəyyən şərtlərə, o cümlədən müvafiq təminatın təqdim edilməsi şərti ilə qəbul edə bilər.
6.8. İş Arbitraj məhkəməsinə ötürülənədək təcili arbitr tərəfin əsaslandırılmış müraciəti əsasında sərəncamı dəyişdirə, təxirə sala və ya ləğv edə bilər.
7. Təcili arbitraj icraatının xərcləri
7.1. Ərizəçi 250 ABŞ dolları məbləğində geri qaytarılmayan müraciət haqqı və 1,500 ABŞ dolları məbləğində depozit ödəməlidir:
● Bakı Arbitraj Mərkəzinin inzibati xərcləri üçün 250 ABŞ dolları; və
● Təcili arbitrin qonorarı və xərcləri üçün 1,500 ABŞ dolları.
7.2. Vəsatət müraciət haqqının ödənildiyini təsdiq edən sənəd olmadan və depozit Katiblik tərəfindən qəbul edilmədən icraata götürülmür.
7.3. Arbitraj Komissiyasının Sədri, icraatın mürəkkəbliyini və yerinə yetirilən işin həcmini nəzərə alaraq, prosesin hər bir mərhələsində təcili arbitrin qonorarını və ya Bakı Arbitraj Mərkəzinin inzibati xərclərini artıra bilər.
Əlavə məbləğin ödənilməməsi Vəsatətin geri götürülməsinə səbəb olur.
7.4. Təcili arbitrin sərəncamı təcili arbitraj icraatının xərclərini, o cümlədən aşağıdakıların bölüşdürülməsini müəyyən edir:
(a) Bakı Arbitraj Mərkəzinin inzibati xərcləri;
(b) Təcili arbitrin qonorarı və xərcləri;
(c) tərəflərin çəkdiyi ağlabatan hüquqi və digər xərclər.
7.5. Təcili icraata sərəncam qəbul edilməzdən əvvəl xitam verilərsə, Arbitraj Komissiyasının Sədri ərizəçiyə, əgər varsa, geri qaytarılmalı olan məbləği müəyyən edir. Bütün hallarda Bakı Arbitraj Mərkəzinin inzibati xərcləri üçün minimum 150 ABŞ dolları geri qaytarılmır.
8. Ümumi müddəalar
8.1. Bu Əlavədə nəzərdə tutulmayan inzibati məsələləri həll etmək səlahiyyəti Arbitraj Komissiyasının Sədrinə məxsusdur. Sədr olmadıqda və ya onun xahişi ilə hər hansı Sədr müavini onu əvəz edə bilər.
8.2. Xüsusi olaraq bu Əlavədə müəyyən olunmayan bütün məsələlərdə Komissiya, Sədr və təcili arbitr bu Qaydaların mahiyyəti, səmərəlilik, qərəzsizlik və lazımi hüquqi prosedur prinsiplərinə uyğun hərəkət edirlər.
IV ƏLAVƏ: SÜRƏTLƏNDİRİLMİŞ ARBİTRAJ QAYDALARI
1. Tətbiq dairəsi və tətbiq edilmə şərtləri
1.1. Bu Sürətləndirilmiş İcraat Qaydaları yalnız tərəflər onların tətbiqi barədə yazılı şəkildə birbaşa razılığa gəldikdə tətbiq edilir.
1.2. Tərəflər birbaşa olaraq başqa cür razılaşmadıqları təqdirdə, bu qaydalar bu Əlavə qəbul edildikdən sonra Bakı Arbitraj Mərkəzinə təqdim edilən bütün mübahisələrə şamil olunur.
2. Arbitraj bildirişi və sürətləndirilmiş icraat haqqında müraciət
2.1. İddiaçı Arbitraj bildirişində icraatın sürətləndirilmiş qaydada aparılması barədə müraciət edə bilər.
2.2. Tərəflər sürətləndirilmiş icraat barədə razılığa gəliblərsə, müraciətdə bu razılaşma birbaşa qeyd olunmalıdır.
2.3. Müraciətə aşağıdakılar daxil edilməlidir:
(a) Tərəflərin adları və əlaqə məlumatları;
(b) Faktların və tələblərin qısa təsviri;
(c) Mübahisənin predmeti olan iddianın qiyməti (əgər varsa);
(d) Tərəflərin Bakı Arbitraj Mərkəzinin sürətləndirilmiş qaydalarına, o cümlədən sürətləndirilmiş icraata dair razılığı.
3. Arbitraj məhkəməsinin formalaşdırılması
3.1. Tərəflər birbaşa olaraq başqa cür razılaşmadıqları təqdirdə, Bakı Arbitraj Mərkəzi təkbaşına arbitr təyin edir.
3.2. Bakı Arbitraj Mərkəzi arbitr təyin edərkən aşağıdakıları nəzərə alır:
(a) Sürətləndirilmiş icraat sahəsində təcrübə;
(b) Mübahisənin predmeti üzrə ixtisaslaşma;
(c) Qısaldılmış vaxt cədvəli üzrə dinləmələr keçirmək imkanı.
3.3. Tərəflər başqa müddət barədə razılığa gəlmədikdə, Arbitraj məhkəməsi Arbitraj bildirişindən sonra 15 (on beş) gün ərzində təsdiq edilməlidir.
4. Vaxt cədvəli və prosedur
4.1. Arbitraj məhkəməsi ilk prosessual müşavirədə sürətləndirilmiş vaxt cədvəlini müəyyən edir.
4.2. Arbitraj məhkəməsi başqa cür icazə vermədiyi təqdirdə, bütün yazılı təqdimatlar (iddia ərizəsi və etiraz) 20 səhifədən çox olmamalıdır.
4.3. Tərəflərdən biri şifahi dinləmə keçirilməsini xahiş etmədiyi təqdirdə, Arbitraj məhkəməsi işə yalnız sənədlər əsasında baxa bilər.
4.4. Arbitraj məhkəməsi sübutların təqdim edilməsi, sənəd mübadiləsi və şahid ifadələri üçün qısa müddətlər təyin edir; bu müddətlər, bir qayda olaraq, Arbitraj məhkəməsinin təsdiq edildiyi tarixdən 60 (altmış) gündən çox olmamalıdır.
5. Dinləmələr
5.1. Dinləmələr keçirildiyi təqdirdə, onlar Arbitraj məhkəməsinin təşkil olunmasından sonra 30 gün ərzində təyin edilməlidir.
5.2. Dinləmələr məhdud çərçivədə keçirilir və Arbitraj məhkəməsi başqa cür müəyyən etmədiyi təqdirdə, videokonfrans və ya digər elektron vasitələrlə aparıla bilər.
6. Arbitraj qərarları
6.1. Arbitraj məhkəməsi işin mürəkkəbliyini nəzərə almaqla, yekun qərarı təşkil olunduğu tarixdən etibarən 6 (altı) ay ərzində çıxarmağı nəzərdə tutmalıdır.
6.2. Qərarlar yekun və məcburidir; qərara düzəliş edilməsi və şərh edilməsi üçün Bakı Arbitraj Mərkəzinin qaydalarına uyğun olaraq qərar çıxarıldıqdan sonra 15 (on beş) gün ərzində müraciət edilə bilər.
6.3. Müəyyən məsələlərin həllini sürətləndirmək məqsədilə qismən qərarların çıxarılmasına yol verilir.
7. Xərclər
7.1. Arbitraj məhkəməsi xərcləri Bakı Arbitraj Mərkəzinin sürətləndirilmiş icraat üzrə rüsumlar cədvəlinə uyğun olaraq müəyyən edir.
7.2. Sürətləndirilmiş icraat prosesi qısaldarsa və ya xərcləri azaldarsa, Arbitraj məhkəməsi rüsumları azalda bilər.
8. Konfidensiallıq
8.1. Sürətləndirilmiş icraat qaydaları çərçivəsində aparılan bütün icraatlar, o cümlədən sənədlərin təqdim edilməsi, dinləmələr və qərarlar qanunla tələb olunan və ya tərəflərin razılaşdırdığı hallar istisna olmaqla, məxfidir.
8.2. Arbitraj məhkəməsi tərəflərdən və ya şahidlərdən əlavə konfidensiallıq öhdəlikləri tələb edə bilər.
İrəli irəliləməyə hazırsınız?
Mövcud vəziyyətinizə əsasən növbəti addımınızı seçin. İstər yeni müqavilə hazırlamağınızdan, istərsə də mövcud mübahisəni həll etməyinizdən asılı olmayaraq, sizə kömək edəcək vasitələrimiz
SUALLAR
BAM heç bir gizli ödəniş olmadan mütləq xərc şəffaflığını təmin edir. Xərclər, bir qayda olaraq, Mərkəzin inzibati rüsumlarından və Arbitraj məhkəməsinin qonorarından ibarətdir. Bunlar iddia qiymətinə mütənasib şəkildə hesablanan (ad valorem) aydın və proqnozlaşdırıla bilən rüsum strukturu əsasında müəyyən edilir. Rüsum cədvəlləri Əlavə II və Əlavə IV-də öz əksini tapmışdır. Bu, tərəflərə prosesin lap əvvəlindən öz xərclərini dəqiq hesablamağa imkan verir. Arbitraj məhkəməsi yekun qərarında tərəflər arasında xərcləri – o cümlədən ağlabatan hüquqi xərcləri – işin hallarını nəzərə alaraq öz mülahizəsi əsasında bölüşdürə bilər.
Bəli. Əgər Arbitraj məhkəməsi rəsmi olaraq təşkil edilməzdən əvvəl təcili müvəqqəti xarakterli təminat tədbirlərinə ehtiyacınız varsa, BAM Qaydalarında Təcili arbitr üçün xüsusi müddəalar nəzərdə tutulmuşdur. Bundan əlavə, iddia qiyməti az olan və ya mürəkkəb olmayan mübahisələr üçün Qaydalarda standart arbitrajla müqayisədə məcburi hüquqi qüvvəyə malik həlledici qərarın daha tez çıxarılması məqsədilə qısaldılmış müddətləri nəzərdə tutan Sürətləndirilmiş arbitraj müddəaları da mövcuddur. Tərəflər nəzərə almalıdırlar ki, Təcili arbitrə dair müddəalardan açıq razılaşma yolu ilə imtina etmək mümkündür; buna görə müqavilə bağlanarkən arbitraj müddəasında bu müddəaların tətbiq edilib-edilməyəcəyinin qeyd olunması tövsiyə olunur.
BAM Qaydalarının 6-cı maddəsinə əsasən, İddiaçı yazılı formada "Arbitraj bildirişi"ni həm BAM Katibliyinə, həm də Cavabdehə təqdim etməlidir. Bildirişdə tərəflərin rekvizitləri, mübahisənin mahiyyəti, iddia tələbi və arbitrlərlə bağlı təkliflər öz əksini tapmalıdır. Ən əsası, arbitraj icraatı, Katibliyin tam şəkildə tərtib edilmiş Bildirişi və BAM Qaydalarının II Əlavəsinin 5-ci maddəsində nəzərdə tutulduğu kimi, geri qaytarılmayan 500 ABŞ dolları məbləğində Qeydiyyat rüsumunu aldığı tarixdən rəsmən başlanmış hesab olunur. Bildirişin alınmasından sonra Cavabdeh, Qaydalar çərçivəsində müəyyən edilmiş müddət ərzində iddialar barəsindəki cavabını və hər hansı əks iddialarını əks etdirən Arbitraj bildirişinə Cavab təqdim etmək imkanı əldə edir.
BAM-ın arbitraj qərarları 1958-ci il Nyu-York Konvensiyasına əsasən 170-dən çox yurisdiksiyada tanınma və icra edilməsi üçün ciddi şəkildə tərtib edilir. Unikal olaraq, maksimum hüquqi müəyyənliyi təmin etmək məqsədilə, BAM Qaydalarının 28-ci maddəsi birbaşa arbitraj sazişinin özünə tətbiq edilməli olan hüququ müəyyən edən xüsusi müddəanı ehtiva edir. Praktiki cəhətdən bu o deməkdir ki, arbitraj sazişinin etibarlılığı əvvəldən aydın şəkildə müəyyən edilmiş qaydalar əsasında tənzimlənir. Bu yanaşma, məğlub olan tərəfin sonradan arbitraj qeydini tənzimləyən hüququn qeyri-müəyyən və ya səhv tətbiq olunduğunu iddia edərək milli məhkəmələrdə qərarın icrasına etiraz etməsinin qarşısını alır – bu, tarixi olaraq etibarlı qərarların icrasına müqavimət göstərmək üçün istifadə edilmiş texniki etiraz əsasıdır.
Qaydalara dair yardıma ehtiyacınız varmı?
Arbitraj qaydaları ilə bağlı hər hansı bir sual və ya aydınlıq üçün komandamızla əlaqə saxlayın.